Bakı, 21 sentyabr, AZƏRTAC
“Qarabağ”ın futbolçusu Ansi Aqolli Topaz Premyer Liqasında yubiley matçını keçirib.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, albaniyalı legioner beşinci turun “Kəpəz”lə səfər qarşılaşmasında ölkə çempionatında 150-ci matçına çıxıb. O, bu oyunlarda 3 qol vurub. 2010-cu ildən Azərbaycanda çıxış edən A.Aqolli Premyer Liqadakı bütün qarşılaşmalarını “Qarabağ”ın heyətində keçirib.
A.Aqolli Ağdam təmsilçisinin heyətində çempionatda 150 və daha çox oyunda mübarizə aparan 11-ci futbolçu olub. Onadək 10 oyunçu “Qarabağ”la Premyer Liqada 150 və daha çox matça çıxmışdı. Onlar arasında yalnız bir legioner olub ki, Ansi həmyerlisi Admir Telidən sonra buna nail olan 2-ci əcnəbi kimi tarixə düşüb.
Qeyd edək ki, A.Aqolli Premyer Liqada ilk oyununu 2010-cu il avqustun 8-də səfərdə “Neftçi”yə qarşı keçirib. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə forma geyib.