Dünya bazarında neftin ucuzlaşma səbəbləri: siyasət, yoxsa iqtisadiyyat - FOTO

Dünya bazarında neftin ucuzlaşma səbəbləri: siyasət, yoxsa iqtisadiyyat - FOTO
20:42 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Son vaxtlar ayrı-ayrı KİV-lər və bəzi mütəxəssislər tərəfindən dünya bazarında neftin kəskin şəkildə ucuzlaşması ilə əlaqədar müxtəlif mülahizələr irəli sürülür. Bəziləri bunun əsl səbəbinin məhz siyasi amillə əlaqədar olduğunu, digərləri isə bunun iqtisadi səbəblərdən qaynaqlandığını qeyd edirlər.

Siyasi səbəblər

Siyasi səbəb nöqteyi-nəzərindən ən başlıcası 2014-cü ilin fevral ayında Ukraynada baş vermiş hadisələrlə əlaqədar Qərblə Rusiya arasındakı siyasi böhranın dərinləşməsi göstərilir. Belə ki, 2013-cü ilin noyabr ayında Ukrayna hökuməti Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında sazişin imzalanması prosesini dayandırdı. Etiraz əlaməti olaraq, müxalifət Kiyevin mərkəzində kütləvi etiraz aksiyaları keçirməyə başladı. Nəticədə, 2014-cü il fevral ayının 22-si həmin dövr hakimiyyətdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç ölkəni tərk etdi. Ukraynada müvəqqəti hökumət yaradıldı. Baş vermiş hadisələrə etiraz əlaməti olaraq, Ukraynanın cənub-şərq bölgələrində qanuni hakimiyyətin geri qaytarılması tələbi ilə etiraz aksiyaları keçirildi. Getdikcə böhran dərinləşməyə başladı. 2014-cü ilin mart ayının 11-də Krım Muxtar Respublikasının Ali Şurası və Sevastopol şəhər şurası müstəqillik haqqında bəyannamə qəbul etdi. Mart ayının 18-də isə Krım Respublikası artıq Rusiya Federasiyasının tərkibinə daxil edildi. Bununla da Rusiya-Ukrayna arasındakı siyasi böhran özünün pik nöqtəsinə çatdı.

Rusiyanın "Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi Vladimir Leontyev 2014-cü ilin oktyabr ayında "Ruskaya slujba novostey”-ə verdiyi müsahibəsində neftin ucuzlaşmasına təsir edən birinci faktor kimi Səudiyyə Ərəbistanının neft satışında böyük endirimlər etdiyini və bunun "siyasi manipulyasiya” xarakteri daşıdığını vurğulamışdı. İkinci faktor kimi o, özünü "İraq-Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın nəzarət etdiyi zəngin neft yataqlarından dünya bazarına üçqat ucuzuna neft satdığını qeyd etmişdi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2014-cü ilin noyabr ayında Çin mətbuatına verdiyi müsahibəsində neftin dünya qiymətinin aşağı düşməsinin arxasında iqtisadi səbəblərlə yanaşı, bəzən böhranlar zamanı bu mexanizmdən istifadə edən bir sıra ölkələrin siyasətinin də dayana biləcəyini bildirmişdi.

"Reuters” informasiya agentliyinin verdiyi xəbərə görə, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani neftin ucuzlaşma səbəbinin İslam dünyasına qarşı yönləndirilən siyasi əlbirlik olduğunu hesab edib.

İqtisadi səbəblər

Enerji məsələləri üzrə tanınmış ekspert Artur Bermanın mülahizələrinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi çox sadə səbəblərə əsaslanır. Birincisi, tələb azalıb, çünki uzun müddətdir ki, neftin qiyməti yüksəkdir. İkincisi, qiymət yüksək olduğu üçün təklif də artıb. Nəzərə alsaq ki, təklif edənlərin sırasına uzun fasilədən sonra neft hasilatını bərpa edən Liviya qayıdıb və buna ABŞ-ın yüngül neftini də əlavə etsək, onda mənzərə tam aydınlaşır. Çox sadə bir düstur ortaya çıxır: təklif tələbi üstələdikdə bərabərdir neftin ucuzlaşmasına.

Neftin ucuzlaşma səbəbini Rusiya ilə Qərb arasında Ukrayna hadisələrinə görə yaranan gərginliklə əlaqələndirsələr də, bəzi faktlar bu mülahizənin əsassız olduğunu göstərir.

Birincisi, Ukrayna hadisələri 2014-cü ilin fevral ayında başlasa da aşağıdakı qrafikdən (bax: şəkil 1) göründüyü kimi, iyul ayınadək neftin qiymətində elə bir ciddi dəyişiklik olmamış, hətta iyun ayında qiymətlərdə müvəqqəti olsa da sıçrayış baş vermişdir. Neftin qiymətində iyun ayında baş vermiş artımı İŞİD terror qruplaşmasının İraqın Mosul şəhərini ələ keçirməsindən sonra dünya treyderləri arasında yaranmış narahatlıqla da izah etmək olar. Çünki İŞİD terrorçu qruplaşması 2006-cı ildə yaransa da, bütün dünya onlar haqqında ilk dəfə məhz keçən ilin iyun ayında eşidib. Əsl paradoks isə ondan ibarət oldu ki, neftlə zəngin olan ərazilərin İŞİD terrorçuları tərəfindən işğal olunmasına baxmayaraq, qısa müddətdən sonra neft ucuzlaşmağa başladı.

Brent markalı neftin qiymətinin dinamikası USD/Barrel (şəkil 1)

İkincisi, iyul ayında dünya neft bazarından bir il kənarda qalan Liviyanın Es Sider və Ras Lanuf limanlarından neftin ixracı bərpa olundu.

ABŞ-ın 2008-ci ildən bəri yüngül neft istehsalında rekord nəticə (sutkada 6,5 mln.barrel) əldə etdiyini nəzərə alsaq, onda təklifin tələbi nə qədər üstələdiyini və bunun dünya neft qiymətinə necə təsir etdiyini təsəvvür etmək elə də çətin deyil.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək aşağıdakı qənaətə gəlmək olar:

Dünya bazarında neftin ucuzlaşmasında siyasi səbəb olsa da, bu, çox cüzi faiz təşkil edir.

Neftin ucuzlaşması, əsasən, iqtisadi səbəblərlə əlaqədardır. Əvvəla, dünya ölkələrinin hələ də iqtisadi böhrandan çıxmadığı və bunun da məntiqi nəticəsi kimi həmin ölkələrin neftə olan tələbatının aşağı olmasıdır. 2014-cü ildə dünya bazarına rekord həcmdə neftin təklifi birbaşa onun ucuzlaşmasına gətirib çıxardı.

Nəzərə alsaq ki, ABŞ-da yüngül neft istehsalının maya dəyəri təxminən 80-85 ABŞ dolları təşkil edir, onda indiki mövcud olan qiymətlərlə yaxın gələcəkdə ABŞ-da neft istehsalı ilə məşğul olan şirkətlərin aqibəti heç də ürəkaçan olmayacaqdır.

Yaxın Şərq və Şimalı Afrika regionunda mövcud ictimai-siyasi vəziyyətin qeyri-sabit olduğunu da qeyd edilənlərə əlavə etsək, dünya neft qiymətinin 2015-ci ilin ikinci yarısında sabitləşməsini və yüksəlməsini (hər barrel üçün minimum 80 və 90 dollardan yuxarı) proqnozlaşdırmaq olar.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/321645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR