Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də “Qəbələ” İdman Klubu və Türkiyənin “Sarar” şirkəti arasında geyim sponsorluğu müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı təşkil edilən tədbirdə klubun yeni kommersiya direktoru Mustafa Aztopal, “Sarar” şirkətinin əməkdaşı Məsut Özün, “Qəbələ” klubunun futbol direktoru Toni Adams və marketinq üzrə şöbəsinin müdiri Səməd Nəsibov yeni müqavilə haqqında fikirlərini bölüşüblər.
Bildirilib ki, müqaviləyə əsasən “Qəbələ”nin əsas komandasının futbolçu və adminstrativ heyəti 2015/2016 və 2016/2017 mövsümlərində daxili və xarici səfərlərdə qonşu ölkənin istehsalı olan geyim dəstlərindən istifadə edəcəklər.
Klub bu mövsüm imza atdığı uğurlarını marketinq sahəsində də davam etdirməkdədir. Müqaviləyə əsasən geyimlər hər mövsüm iki dəst hazırlanacaq. “Sarar” reklamları isə “Qəbələ” klubunun ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyundan sonrakı mətbuat konfranslarında arxa fon lövhəsində yerləşdiriləcək.
Qeyd edək ki, 1944-cü ildən fəaliyyətə başlayan “Sarar” şirkəti məhsulları ilə hazırda 5 qitədə və 51 ölkədə müştərilərinə xidmət göstərən beynəlxalq brenddir. Bu şirkət Türkiyə millisinin, eləcə də bu ölkənin “Beşiktaş” və “Trabzonspor” klublarının sponsorudur. 1997-2013-cü illər arasında isə “Qalatasaray” və “Bursaspor” klubları da “Sarar”la əməkdaşlıq edib.