Bakı, 22 sentyabr, AZƏRTAC
Xəzər Universitetinin Layihə İdarəetmə Məktəbində (LİM) “PMP imtahanına hazırlıq” adlı modul üzrə təlim keçirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Bakıya dəvət edilmiş beynəlxalq təlimçi Didier Estibals tərəfindən aparılan təlim yeddi əsas moduldan ibarətdir. LİM-in tədris proqramının iştirakçıları iki sertifikatı - Layihə İdarəetmə İnstitutunun (PMI) PMP və Corc Vaşinqton Universitetinin (CVU) layihə idarəetməsi üzrə magistr beynəlxalq sertifikatlarıını almaq şansı qazanırlar. LİM-in tədris proqramı 12-14 ay davam edir. Hər modulun sonunda tələbələr imtahan verir və onlara sertifikat təqdim olunur.
Xəzər Universitetinin bp və “ESI International” şirkətləri ilə ortaq layihəsi olan LİM bu ali məktəbin nəzdində fəaliyyət göstərir. Məktəbin əsas məqsədi Azərbaycanda layihə idarəetməsi sahəsində təlimlər təşkil etmək, təlim iştirakçılarını layihə idarəetməsinin qabaqcıl standartı olan PMI ilə tanış etmək və onların ixtisas artımını təmin edərək layihə idarəetməsi üzrə sertifikatlar təqdim etməkdir. Hazırda LİM-də təlimlər davam etdirilir. Kurslar “ESI International” beynəlxalq təlim təşkilatının tədris proqramı əsasında, eyni təşkilatın təlimçiləri tərəfindən ingilis dilində həyata keçirilir.
Daha ətraflı məlumat üçün LİM-in rəsmi internet səhifəsinə (www.spm.az) müraciət etmək olar.