Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi ilə Fransanın İNRA-Bordo Mərkəzi arasında sıx əlaqələr var. Mərkəzin tədqiqatçı direktoru, professor Xavier Foissak Azərbaycanda səfərdə olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi layihələrin müzakirəsi, birgə monitorinqlərdə iştirak və gələcək planları müəyyənləşdirmək idi.
X.Foissak, həmçinin şöbənin əməkdaşları ilə birgə Qəbələ rayonunda fitopatoloji monitorinqlərdə iştirak edib. Monitorinqlərdə bitkilərin virus və fitoplazma xəstəlikləri ilə yoluxma dərəcələri virtual dəyərləndirilib və gələcək analizlər üçün bitki nümunələri toplanılıb.
Qeyd edək ki, Xavier Foissak Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən reallaşdırılan iki beynəlxalq layihənin iştirakçısıdır.