Əlili əlində tutan ölkə

Əlili əlində tutan ölkə
11:57 23 Sentyabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Vahid Qazinin yazısını təqdim edir.

O gün "Həyat üçün işləmək" adlı əlil, ahıl və xəstələrə həsr olunan sərgi-festivala getmişdim. Festivalda musiqi qruplarının konserti, idmançıların yarışı keçirilirdi. Sərgidə isə firma və QHT-lər, bələdiyyə və dövlət təşkilatları öz işlərini nümayiş etdirirdi.  Kimi yeni məhsul çeşidlərini göstərir, kimi qayğı-xidmətlərini təklif edirdi.

Korlar, karlar, əlsiz-ayaqsızlar üçün yaradılan cihazlara, avtomobil və arabalara, idman qurğularına, hərəkət aparatlarına baxır, əlil və ahıllar üçün xüsusi turist səfərləri, konsertlər, tamaşalar, əyləncələr, ünsiyyət görüşləri təklif edən təşkilat nümayəndələriylə söhbət edirdim.

Sərgi boyu neçə ildir fikrimdə dolaşan bir sual yenə tez-tez yadıma düşürdü. Bu soyuq şimal ölkəsinin adamları belə bir cəmiyyəti neçə yaradıblar, bu dövləti hansı əxlaq prinsiplərinə söykənərək qurublar?

Dərin cavab istəyən sualdır, gərək bu haqda ətraflı, köklü-köməcli bir yazı yazam. Sağlıq olsun!

İsveçdə sosial qruplar arasında bərabərliyin olması məşhuri-cahan söhbətdir. Amma burada istər ölkənin qanunlarından doğan, istərsə də xalqın ənənəsindən gələn bir etik qayda var: müəyyən qrup sosial təbəqəyə xüsusi hörmət qoyulur. O qrupları belə sıralayardım: 1) əlillər, 2) qocalar və uşaqlar.

"Tarixi-Vikinq" açmadan onu deyim ki, bu ölkədə hərəkət məhdudiyyəti olan şəxs rahat şəkildə yatağından durub alış-verişə, kino-konsertə, idarə-təşkilata və sair gedib qayıda bilər. Bunun üçün dövlətin verdiyi özüyeriyən əlil arabası ilə hərəkətə lift və bloklarda, səki və yollarda, avtobuslarda hər imkan var.

İsveçdə, demək olar, əksər ahıl, yaxud əlil öz evində yaşayır: dövlət ona xüsusi adam ayırır, nəqliyyatla təmin edir. Bəzən ailə üzvlərindən birini işə götürür, ona maaş kəsir ki, ahıl atasına, anasına, yaxud əlil, xəstə balasına baxsın!

Əlil uşaqlar kommunun, yəni bələdiyyənin ayırdığı nəqliyyatla, taksi də daxil, ümumtəhsil məktəblərinə gedib-gəlirlər. Kor, lal və sair uşaqlar üçün xüsusi təhsil qaydaları da var.

Özü istəyərsə, yaxud yaxınları onlara baxmaq imkanında olmazlarsa, dövlət ahıl vətəndaşına yiyə durur - saysız-hesabsız "qocalar evi"nin birində yerləşdirir. Yaşamaq üçün hər cür şərait yaradır. Özəl "qocalar evi" açmaq istəyən sahibkarı alqışlayır, ona dəstək verir, həvəsləndirir, maliyyə ayırır.

Bu məsələyə daha sosial təminat və adaptasiya prizmasından yox, demokratiya və insan hüquqları prinsipindən baxılır. Cəmiyyətin onlara münasibəti "rəhm etmək" kimi sentimental duyğulara deyil, hüquq və imkan bərabərliyi qanunlarına əsaslanır.

Bütün bunlar tək İsveçdə deyil, Avropanın əksər ölkələrində belədir.

Ata-analar əlil balalarını, balalar isə xəstə, ahıl ana-atalarını çölə-bayıra çıxarmağa, onlarla birgə toya-bayrama getməyə utanmırlar, evlərdə gözdən-könüldən uzaq tutmurlar. Buna görə talelərini qarğamırlar! Düşünürsən: Niyə?

Bir cavab var - vətəndaş arxasında dövləti, dörd bir yanında xoş ictimai mühiti duyur!

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/370924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR