Bakı, 28 sentyabr, AZƏRTAC
Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı başlayıb.
AZƏRTAC xəbər verir ki, toplantıda 20-dək ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, həmçinin, yerli sığorta sistemində çalışan 50-dən artıq aktuar, o cümlədən Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının komitə rəhbərləri və qonşu ölkələrin Aktuarlar Assosiasiyalarının yüksək struktur nümayəndələri iştirak edir. İki gün davam edəcək toplantı çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunacaq.
Seminarlarda ekspertlər tərəfindən iştirakçılara aktuar peşəkarlığı, tibbi sığortada maliyyələşdirilmə, dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi, ödəmə qabiliyyəti, təqaüd sistemlərinin maliyyə sabitliyi, beynəlxalq təcrübədə sığorta ehtiyatlarının hesablanması və Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyası mövzularında seminarlar təşkil olunacaq.
Toplantı Beynəlxalq Aktuarlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.