[ 30 Yanvar 2015 13:04 ]



Bakı. Könül Kamilqızı - APA. Türkiyədən Azərbaycana əsasən uroonkoloji, estetik cərrahiyyə sahələri üzrə mütəxəssislər gəlir.

APA-nın xəbərinə görə, Türkiyə səhiyyə nazirinin müavini Eyyub Gümüş jurnalistlərə
açıqlamasında deyib ki, Azərbaycandan da Türkiyəyə gedən və orada çalışan həkimlər var.

Onun sözlərinə görə, təhsil sahəsində əldə olunan razılığa əsasən azərbaycanlılar Türkiyədəki bəzi sahələrdə təhsil alıb, sonradan Azərbaycana qayıdaraq mütəxəssis kimi fəaliyyət göstərirlər: “Bu baxımdan iki ölkə arasında işbirliyimiz var. Azərbaycandan Türkiyəyə gələn xəstələrin sayına gəlincə, qeyd edim ki, ötən il iki ölkənin Səhiyyə nazirliklərinin razılığına əsasən, müvafiq sayda onkoloji xəstə Türkiyədə qəbul edilib. Eyni zamanda xəstələr öz hesablarına da Türkiyədə müalicə olunurlar. Onların sayı ilə bağlı hazırda dəqiq məlumat vermək çətindir. Onlar əsasən xərçəng cərrahiyyəsi və ortopedik əməliyyatlar üçün Türkiyəyə gəlirlər. Türkiyənin tibb mərkəzlərində azərbaycanlı xəstələr üçün hər cür şərait yaradılır”.


Dünyada səhiyyənin sürətlə inkişaf etdiyini deyən nazir müavini qeyd edib ki, Türkiyənin də tibb üzrə yaxşı mütəxəssisləri və uzmanları var: “Azərbaycanlı həmkarlarımızla bu sahədə biliklərimizi bölüşmək istəyirik. Türkiyə Səhiyyə Nazirliyi olaraq Azərbaycanın Səhiyyə Nazirliyi ilə birgə təhsil mübadiləsi, işbirliyi məsələlərində də müzakirələr aparılıb. Yaxın günlərdə Səhiyyə nazirlikləri arasındakı mövcud olan protokolları yeniləyərək, Türkiyə və Azərbaycanın səhiyyə məsələlərini daha yaxşı səviyyəyə gətirmək hədəfimizdir. Məqsədimiz ən yaxın qardaşımız olan Azərbaycanla birgə səhiyyə məsələsində daha yaxşı işbirliyi yaratmaqdır”.