Xarici işlər naziri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri ilə görüşüb

Xarici işlər naziri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri ilə görüşüb
09:23 29 Sentyabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Georgi Kvirikaşvilli ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu qeyd ediblər. Dost və qonşu dövlət kimi Azərbaycan və Gürcüstan arasında olan qarşılıqlı faydalı əməkdaşlığın bütün region üçün nümunə olduğu bildirilib.
Tərəflər birgə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinin regional əməkdaşlığa, inkişaf və firavanlığa xidmət etdiyini qeyd edərək, bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini vurğulayıblar.
Nazirlər tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin yük daşımalarının artmasına, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların inkişafına xidmət edəcəyinə əminliklərini ifadə ediblər.
Gürcüstanlı həmkarını Azərbaycana səfərə dəvət edən nazir Elmar Məmmədyarov belə səfərlərin ölkələrimiz arasında əlaqələrin gələcək istiqamətlərinin və birgə əməkdaşlıq gündəliyinin müəyyən edilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib.
Gürcüstanlı nazir dəvəti məmnuniyyətlə qəbul edib və Azərbaycan üçün əhəmiyyətli bütün məsələlərdə ölkəsinin daim dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulması, münaqişənin həlli üzrə danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi haqqında məlumat verərək, bu münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xarici_isler_naziri_Gurcustanin_Bas_nazirinin_muavini_xarici_isler_naziri_ile_gorusub-888044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR