Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair protokolda Serbiya ilə İKT və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur

Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair protokolda Serbiya ilə İKT və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur
11:46 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.
 
 İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, iclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib, ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əlaqələrin müxtəlif istiqamətlər üzrə genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb, Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayıb. Ölkələrimiz arasında ticarət əlaqələrinin 2015-ci ildə artdığını qeyd edən Şahin Mustafayev bu istiqamətdə potensialın böyük olduğunu və bu gün Serbiya və Azərbaycan şirkətlərinin iştirakı ilə keçirilən işgüzar görüşün ticarət dövriyyəsinin artmasına, investisiya əməkdaşlığının genişlənməsinə töhfə verəcəyini qeyd edib.
 
 
Enerji sahəsində əməkdaşlığa toxunan Şahin Mustafayev  Serbiya tərəfinin Cənub Qaz Dəhlizi vasitəsilə öz təbii qaz təchizatının diversifikasiyasında maraqlı olduğunu bildirmiş və müvafiq qurumlar arasında bu istiqamətdə müzakirələr aparılacağını, həmçinin alternativ enerji sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.
 
Nazir İKT, səhiyyə, turizm, təhsil, kənd təsərrüfatı, gənclər və idman sahəsində mövcud layihələrə və gələcək əməkdaşlıq perspektivlərinə toxunub, Azərbaycan hökumətinin  kredit vəsaitləri hesabına Serbiyada böyük uğurla həyata keçirilən nəqliyyat infrastrukturu layihəsini qeyd edib və Serbiyada özəlləşdirməyə çıxarılmış müəssisələrə Azərbaycan şirkətləri tərəfindən maraq göstərildiyini və hazırda müvafiq araşdırmaların aparıldığını bildirib.
 
 
Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Azərbaycan şirkətinin Serbiyada infrastruktur sahəsində uğurlu fəaliyyətini qeyd edən R.Lyayiç yerli sahibkarları Serbiyada həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. Serbiya baş nazirinin müavini ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, energetika, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.
 
 
Sonda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç imzalayıblar. Sənəddə ticarət, investisiya, maliyyə, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, İKT, səhiyyə, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
 
 
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib. Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə serbiyalı qonaqlara məlumat verib. Serbiya biznes nümayəndə heyətinin rəhbəri və “Human Resurces Telecom” şirkətinin direktoru Drasko Markoviç ölkəsinin biznes və investisiya mühiti barədə məlumat verib, rəhbərlik etdiyi şirkətin fəaliyyətinə dair təqdimatla çıxış edib.
 
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38937-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR