"Ögey ana"nın Cəmiləsi: "Qızım xarici ölkə başçılarını milli geyimdə qarşılayır" - FOTO

"Ögey ana"nın Cəmiləsi: "Qızım xarici ölkə başçılarını milli geyimdə qarşılayır" - FOTO
13:22 29 Sentyabr 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az "Ögey ana"nın Cəmiləsi Sevinc Axundovanın gecce.az-a müsahibəsini təqdim edir.

- Sevinc xanım, "Ögey ana" filmi bizim milli kino sərvətimiz və bu gün ən çox baxılan uşaq filmimizdir. Dəvəti necə xatırlayırsınız? 

- Dayım oğlu kinostudiyada o vaxtlar operator işləyirdi. "Ögey ana" filminə kastinq keçiriləndə o məni sınaq çəkilişinə aparmışdı. Kastinqdə mən Səməd Vurğunun "Ala-bula boz keçi" şeirini söylədim. Kastinqə çox uşaq gəlsə də, onlar Cəmilə roluna yalnız 4 qız seçmişdilər, biri də mən idim. Rejissor Həbib İsmayılov mənə baxıb dedi ki, Cəmiləni bu cür təsvir edirəm. Ancaq gərək saçını kəsəsən. Çünki mənim saçım çox uzun idi. Atamdan icazə alıb saçımı qısa kəsdilər. Pavilyonda sınaq çəkilişlərinə başladılar. Sonradan filmin əsas səhnələrini çəkmək üçün İsmayıllıya yola düşdük. Filmin bəzi yerləri isə Qubada çəkilib. 

- Filmə çəkilmək üçün uzun hörüklərinizdən keçmək çətin olmadı?

- Əvvəl narazılıq edirdim, bir-iki gün sonra yola gətirdilər. Demişdilər ki, saçından az kəsəcəyik, mən də inanmışdım. Başımdakı bantı rejissorumuz Həbib İsmayılovun həyat yoldaşı bağlayırdı. O, musiqiçi idi və həyat yoldaşı ilə çəkiliş meydançasına gəlirdi. Üzümüzə bolluca qrim vururdular. Bəzən qrimi üzümüzdən vazelinlə silirdilər. 

- Çəkiliş zamanı uşaqlara münasibət necə idi? 

- "Ögey ana" filmi bir çox aktyor heyəti üçün filmlərə çəkilməkdə tramplin rolunu oynadı. Siz bilirsiniz ki, mərhum sənətkarımız Nəsibə Zeynalova filmdə ilk rolunu "Ögey ana"da oynayıb. Hamısı ilə münasibətim yaxşı idi. Nəcibə xanımla lap yaxın olduq. Sonradan ailəvi dostluq etdik. O, azyaşlı oğlunu da çəkilişə gətirirdi. Ürəyindən keçirdi ki, məni oğluna alsın. Çünki o məni çox istəyirdi. Amma elə oldu ki, biz sonradan bacı-qardaş kimi qaldıq. Nəcibə xanımla da münasibət uzun illər davam edib. Hətta "Aygün" filminə çəkilərkən oğlunu valideynlərimə etibar edirdi. Nəcibə xanımın Sima adında bir qız nəvəsi yaşayır. Ümumiyyətlə, kollektivimiz çox uğurlu idi. 

- Sənətkarların kaprizi olduğunu xatırlayırsız? 

- Onların kaprizini görmürdüm. Mübahisənin yaranması üçün zəmin yox idi. Rejissor nə deyirdi, aktyorlar da onu edirdilər. Onların arasındakı münasibət dostluq sütunları üzərində qurulmuşdu. Çox istiyərdim, indiki dövrdə filmdə bu cür kollektivlər çalışsın. Həmişə belə olmur. Bəzən eşidirik ki, aktyor çəkilişdən dava-qırğınla ayrılır. İlk öncə sağlam münasibət qurmaq lazımdır. Sağlam münasibət filmin uğurlu alınmasının əsas göstəricilərindəndir. 

- Filmdən sonra sizi Cəmilə deyib çağıranlar, yəqin, az olmayıb? 

- Bəli, çox olurdu. İndi də bu adı mənə deyirlər. Cəmilə adını çox sevdiyimə görə onu böyük qızıma qoydum. Həm də istədim ki, filmdən sonra ad yaşasın. 

- Ailənizdən danışardız. 

- Evlilik zamanı həyat yoldaşımın ailəsi artıq bilirdi ki, "Ögey ana"da çəkilmişəm. Həyat yoldaşımla uşaqlıqdan birlikdə oxumuşam. Sonra elə oldu ki, yollarımız ayrıldı. Uzun illərdən sonra biz rastlaşdıq və bu görüş bizi ömürlük birləşdirdi. Ailə həyatı qurmağa qərar verdik. Onun elə uşaqlıqdan məndən xoşu gəlirdi. Cəmilə və Çinarə adını verdiyimiz iki qız övladımız dünyaya gəldi. Böyük qızım Cəmilə evlidir, bir oğlu var. Nəvəm bu il birinci sinifə getdi. Kiçik qızım Çinarə isə hələ ki, öz qəhrəmanını seçməyib (gülür). 

- Qızlarınızdan biri ekrana çıxıb. Karyeranı böyütmək barədə düşünməyib?

- Kiçik qızım "Küçələrə su səpmişəm" filmində Səidə rolunda çəkilib. Bundan başqa, o müğənnilərin bir çox kliplərində də rollar oynayıb. Böyük qızım Cəmiləni hind aktrisası Aişvariya Raya oxşadırlar. Elə bilirlər, qızlarım əkizdir. Amma onların arasında 3 il yaş fərqi var. 

- Qızlarınız hazırda nə sənətin sahibidirlər? 

- Onların ikisini də uşaqlıqdan rəqs sənətinə meylləndirdim. Kiçik qızım rejissorluğu bitirdi. Amma hazırda Uşaq flarmoniyasında rəqsdən dərs deyir. O, Azərbaycana gələn xarici dövlət prezidentlərini milli geyimdə qarşılayırdı. Amma böyük qızım başqa sahədədir.

- Yoldaşınız rəhmətə gedəndən sonra qızlarınızı təkbaşına böyütmək çətin olmadı? 

- Təbii ki, çətin oldu. Mən çox çətinlik çəkdim. Bunu dana bilmərəm. Qız övladını böyütmək ikiqat əziyyət idi. Bu da mənim üzərimə düşmüşdü. Allahın köməyi onları həddi-buluğa çatdırdım.

- Hazırda hansı işlə məşğulsuz? 

- Hələ Konservatoriyada oxuya-oxuya məktəbdə pedaqoq fəaliyyətinə başlamışdım. Uzun illər işləyəndən sonra təqaüdə çıxdım. Təqaüdə çıxsam belə, müəllimlik fəaliyyətimi davam etdirirəm. Çünki bu sənət mənim canımda, qanımdadır. Sevinirəm ki, bildiyimi tələbələrimə aşılaya bilirəm. Bəzən filmdə oxuduğum mahnıları bu gün tələbələrimlə birlikdə oxuyuram. Səsim olsa da heç vaxt müğənni olmaq istəməmişəm. Çünki mənim ürəyim elə kinoda idi. Gənclik dövründə rejissorların, aktyorların şəkilini albomumda toplayırdım. İndiyə kimi də qəlbimdə kino həsrəti qalıb. Hara getsəm məni tanıyırlar, hörmət edirlər. Bu gün insanın duyğularını dilə gətirən filmlər çəkilmir. Çox təəssüf... 

- Bəs niyə aktrisalıq fəaliyyətinizi davam etdirmədiniz? 

- "Ögey ana"dan sonra mən "Onun böyük ürəyi" adlı filmdə qısa bir epizodda çəkildim. Bu filmə çəkiləndə 5-ci sinifdə oxuyurdum. Bundan sonra "Əhməd haradadır?", "Arşın mal alan", "Bir cənub şəhərində" filmlərinə dəvət gəlsə də, getmədim. Çünki başım musiqiyə qarışmışdı. Həm də getdiyim filmlərdə oğlan çox idi, kollektiv ürəyimə yatmadı. Çünki utancaq bir qız idim. Tofiq Tağızadə atamla dost olduğu üçün məni özünün bir sıra filmlərinə dəvət edirdi. 

- Bildiyimə görə, sizin ögey qardaşınızı oynayan mərhum aktyorumuz Ceyhun Mirzəyevin ailəsi ilə çox yaxın münasibətiniz olub. Onunla birlikdə sonralar oturub heç filmdən danışıb, hansısa maraqlı əhvalatları yadınıza saldığınız vaxtlar olub? 

- Ceyhun Mirzəyevin ailəsi ilə münasibətimiz olub. Düzdür, gediş-gəliş çox deyildi, amma vaxtaşırı telefonla əlaqə saxlayırdıq. Ceyhun rəhmətə gedəndən sonra onun həyat yoldaşına daha da yaxın oldum, tez-tez görüşməyə başladıq. Bu yaxınlarda isə Ceyhunun həyat yoldaşı rəhmətə getdi. Hal-hazırda onun yeganə övladı olan qızı yaşayır. Çox heyf ki, o hələ də ailə həyatı qurmayıb. Ceyhun "Ögey ana" filminin ardını çəkmək istəyirdi. O özü bunu mənə demişdi. Hətta demişdi ki, mən sənin yoldaşını da bu filmdə çəkərəm. Çünki Cəmilənin sonrakı taleyi tamaşaçılar üçün maraqlı idi. Təəssüf ki, Ceyhunun ölümü ilə planları da yarımçıq qaldı.

- Kino İttifaqından zəng edib, maraqlananlar olub? 

- Bəli, əlamətdar kino günlərində zəng edib maraqlanırlar, verilişlərə dəvət edirlər. Zəng edənlər arasında jurnalistlər üstünlük təşkil edir. Sağ olunlar ki, onlar bizim bu filmi unutmurlar.

- Bu gün "Ögey ana" filminə baxarkən nə hisslər keçirirsiz? 

- Bəzən baxanda fikirləşirəm ki, filan yerdə bu cür oynayardım.Yaxud da baxıb fikirləşirəm ki, daha da təbii ağlayardım. Bu filmə nə qədər baxsam da, baxmaq istəyirəm. O illər, uşaqlığım gözümün önündən gəlib keçir. Çaya yıxılmağım, yarasadan qorxmağım, hamısı yadımdadır. Xoş xatirələr mənimlə hələ uzun illər yaşayacaq.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/372076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR