AP deputatları Azərbaycan əlehinə qətnamənin radikal və effektsiz olduğunu bəyan ediblər

AP deputatları Azərbaycan əlehinə qətnamənin radikal və effektsiz olduğunu bəyan ediblər
16:57 29 Sentyabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropada geniş oxucu kütləsinə malik "European Business Review" jurnalının elektron səhifəsində Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı məqalə dərc olunub (http://www.europeanbusinessreview.eu/page.asp?pid=1381).

Trend-in məlumatına görə, Avropa Parlamentinin deputatları yazıda qətnamənin əleyhinə çıxmalarının səbəbləri barədə fikirlərini bölüşüblər.

Sentyabrın 10-da Avropa Parlamentinin qəbul etdiyi qətnamə Avropa Komissiyasını "Avropa Qonşuluq Aləti vasitəsilə həyata keçirilən və insan hüquqları, vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığa aid olmayan digər maliyyə yardımını nəzərdən keçirməyə və ehtiyac olduğu halda müvəqqəti dayandırmağa" çağırıb.

Məcburi xarakter daşımayan qətnamə 365 nəfər lehinə olmaqla qəbul edilsə də, bir çoxları, o cümlədən Avropa Parlamentinin ən böyük partiyası olan Avropa Xalq Partiyası 72 nəfər bitərəf və 202 nəfər əleyhinə olmaqla, qətnaməyə qarşı çıxıb. Azərbaycanın hakim dairələri qətnaməni hiddətlə qarşılayıblar.

Azərbaycan Parlamenti cavab olaraq qəbul etdiyi qərarda keçmiş SSRİ respublikaları olan Ukrayna, Moldova, Belarus, Ermənistan, Azərbaycan və Gürcüstanın parlamentləri ilə Avropa Parlamentini birləşdirən forum olan Avronest PA-dakı üzvlüyünü dayandırdığını bəyan edib.

Azərbaycanın, həmçinin Avropa İttifaqının adıçəkilən 6 keçmiş sovet respublikası ilə münasibətlərini tənzimləyən Şərq Tərəfdaşlığı proqramından çıxacağı ehtimalı da var.

Azərbaycanın mövqeyi Avropa Parlamentinin müxtəlif siyasi partiyalardan olan bir çox deputatları tərəfindən də dəstəklənir. Onlardan biri olan Avropa Xalq Partiyasının rumıniyalı deputatı Ramona Manesku bunları deyib: "Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseli səfəri onu təsdiq edir ki, Avropa İttifaqı və Azərbaycan birlikdə işləməyə davam etməlidirlər".

Deputat daha sonra əlavə edib ki, bu əməkdaşlıq nəinki enerji sektoru, həmçinin insan hüquqları kontekstində qarşılıqlı faydalıdır.

O, həmçinin Azərbaycanın bir sıra beynəlxalq sazişlərə qoşulduğunu qeyd edərək, Azərbaycanın rəhbər tutduğu demokratik dəyərləri yüksək qiymətləndirib: "Mən inanıram ki, Azərbaycanla dialoqun qorunması və əməkdaşlığın genişlənməsi Aİ-nin tutmalı olduğu yeganə yoldur, bu münasibətləri pozmağa istənilən cəhd nə Aİ, nə də Azərbaycan vətəndaşları üçün xeyirlidir".

Digər partiyaları təmsil edən deputatlar da qətnamə mətnini tənqid ediblər. Onlardan biri Avropa Millətlər və Azadlıq Qrupunun üzvü olan Canluka Buananno qətnamənin qəbulundan tamamilə narazı qaldığını bildirib.

"Lega Nord" partiyasının üzvü əlavə edib ki, Avropa ora (Azərbaycana) gedib və onlarla dialoq apararaq çıxış yolunu tapmalıdır: "Düzgün xarici siyasət məhz bu cür həyata keçirilməlidir".

Avropa Xalq Partiyasının digər üzvü irlandiyalı Şon Kelli isə bunları deyib: "Azərbaycanla danışıqları kəsmək təklifi ağılsızlıqdır, çünki biz bunu etsək və digər dövlətlərə qarşı da bu addımı atsaq, onda biz heç kimlə heç nəyi müzakirə etməyəcəyik. Əgər İrana qarşı bu metoddan istifadə olunsaydı, biz indi nüvə razılaşması barədə danışmayacaqdıq".

"Avropalı Mühafizəkarlar və İslahatçılar" qrupunun aparıcı üzvü, britaniyalı deputat Sacad Karimin sözlərinə əsasən, Dağlıq Qarabağ məsələsində irəliləyişin əldə olunmamasına görə Azərbaycan çox narahatdır: "Bu ölkə hiss edir ki, beynəlxalq ictimaiyyət müharibədən sonra, xüsusilə qaçqın və məcburi köçkünlər kontekstində Azərbaycanın üzləşdiyi çətinliklərə əhəmiyyət vermir. Həqiqətdir ki, beynəlxalq ictimaiyyət hələ də insanı həyatdan aparan bu münaqişənin həlli üçün yetərli dərəcədə aktiv deyil. Azərbaycan dövlətinin və xalqının dostu kimi mənim qəti mövqeyim budur: Azərbaycanın yenidən avropalı gələcəyə doğru aparan yola qayıtmasını istəyirik".

Avropa Xalq Partiyasının xarici işlər üzrə koordinatoru Kristian Dan Preda təmsil etdiyi partiyanın qətnaməyə qarşı çıxmasını belə izah edib: "Avropa Xalq Partiyası qətnaməyə qol çəkmək və lehinə səs verməkdən ona görə imtina etdi ki, qətnamənin mətni olduqca radikaldır və heç bir müsbət effekt gətirmək iqtidarında deyil".

Sayta müsahibəsində K.Preda, həmçinin vurğulayıb: "Biz bu yolla, həmçinin Yaşıllılar Partiyasının strategiyasına qarşı çıxmış olduq, çünki onlar Xarici əlaqələr komitəsindən yan keçərək birbaşa plenar iclasda Aİ-Azərbaycan münasibətlərinə, o cümlədən insan hüquqları ilə bağlı dialoq və maliyyə məsələlərinə dair qərarın çıxarılmasına israr edirdilər. Sənədin əleyhinə səs verməklə biz qətnamə mətnində əksini tapan radikal yanaşmaya etirazımızı bildirir, eləcə də insan hüquqlarının ən effektiv təşviqinin məhz dialoq vasitəsilə həyata keçirildiyini nəzərə alan daha real və ağıllı yanaşmaya çağırış edirik".

Deputat qeyd edib ki, Azərbaycan Parlamenti cavab olaraq bu ölkənin Şərq Tərəfdaşlığı çərçivəsində parlamentlərarası forum qismində fəaliyyət göstərən Avronest Parlament Assambleyasındakı üzvlüyünün dayandırılması haqqında qətnamə qəbul edib: "Beləliklə, qətnamə nəticəsində Azərbaycanla kommunikasiya, eyni zamanda insan hüquqlarını təşviqi kanallarından birini itirdik".

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev də AP-nin "antiazərbaycan" mövqedə olduğunu deyib və "qətnamənin əsassız, qərəzli və yalan üstündə qurulan siyasi provokasiya olduğunu" bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/372181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR