Astara, 30 sentyabr, AZƏRTAC
Astara Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə “Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Azərbaycanda dövlət tərəfindən gənclərin tolerantlıq və azərbaycançılıq ruhunun gücləndirilməsi üçün mühüm tədbirlər həyata keçirildiyini bildirib.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri müstəqil Azərbaycan dövlətinin ideologiyasının əsas təməlidir. Bu sözlər milli mənəvi dəyərlərimizə bağlılığımızın və tolerantlığın daha da güclənməsi üçün əsl vətənpərvərlik nümunəsidir.
Bildirilib ki, tolerantlığın tərkib hissələrindən biri də müxtəlif etiqad və mədəniyyətlərə hörmətlə, ehtiramla yanaşmaqdır. Azərbaycan xalqı uzun illər sovet totalitar rejiminin əsarəti altında qalsa da, daim öz tolerantlığı, dözümlülüyü ilə digər xalqlara nümunə olub.
Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Bələdiyyəsinin sədri Aygül Məmmədova və rayon təhsil şöbəsinin müdir müavini Faiq Həsənov mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər, köynək və papaqlar, fərqlənən gənclərə isə diplomlar verilib.