Bakı, 30 sentyabr, AZƏRTAC
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, kollegiya iclasında Azərbaycanın Belçika Krallığındakı səfirliyinin fəaliyyəti ilə bağlı, dövlət büdcəsinin yerli xərclərindən Yevlax şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Qobustan Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Qəbələ Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında həmçinin, İş planı ilə nəzərdə tutulmuş nəzarət tədbiri üzrə Audit proqramı təsdiq edilib.