Göygöl, 30 sentyabr, AZƏRTAC
Göygöl rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi ikinci kənd investisiya layihəsinin yekun konfransı keçirilib. Konfransda şimal, şimal-qərb, Muğan-Salyan və Qarabağ bölgələrinin icma nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “İcma nailiyyətləri” adlı sərgi ilə tanış olublar. Sərgidə 2-ci “Azərbaycan kənd investisiya layihəsi” çərçivəsində yaradılan istehsal müəssisələrinin məhsulları nümayiş etdirilib.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Arif Seyidov son iki ildə kənd investisiya layihələrinin 13-nün Göygöldə həyata keçirildiyini bildirib.
İkinci “Azərbaycan kənd investisiya layihəsi”nin direktoru Sübhan Əsgərov isə diqqətə çatdırıb ki, son bir ildə respublikamızın müxtəlif bölgələrini əhatə edən mindən çox yaşayış məntəqəsində 1300 layihə reallaşdırılıb. Bu layihələr kənd təsərrüfatını və sosial sahələri əhatə edib.
Tədbirdə kənd icmalarının bacarıqlarının artırılması, onların şəbəkəsinin genişləndirilməsi, maarifləndirilməsi, qazanılan müsbət təcrübənin yayılması, qarşılıqlı faydalanma, inteqrasiya və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.