Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2015-ci il oktyabrın 1-dən 2 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 5 vakant vəzifənin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 14 vakant dövlət qulluğu vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 12-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.
“Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.
İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib.
Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur: dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə 15 test tapşırığı, qanunvericilik sahəsində 40 test tapşırığı, informasiya texnologiyaları sahəsində 15 test tapşırığı, məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığı.
“Dövlət qulluğu haqqında” Qanunun 29-cu maddəsinə uyğun olaraq, müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 01 oktyabr 2015-ci il tarixdən 30 oktyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyanın rəsmi internet saytında qeydiyyatdan keçərək doldurmalıdırlar. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları isə sənədlərini 1 oktyabr 2015-ci il tarixdən 20 oktyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 1 oktyabr 2015-ci il tarixli nömrəsində və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) verilib.