Şahbuz, 2 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Şahbuz rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Muradov intellektual oyunun keçirilməsinin məqsədi və oyunun keçirilmə qaydaları haqqında iştirakçılara məlumat verib.
Bildirilib ki, intellektual oyunun keçirilməsində məqsəd Azərbaycanın, o cümlədən onun Naxçıvan Muxtar Respublikasının zəngin milli mədəniyyətinin və tarixinin təbliği, yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev, Şahbuz rayon təhsil şöbəsinin əməkdaşı Fikrət Cəfərov çıxış edərək tədbirin keçirilməsinin mahiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunda 8 komanda iştirak edib.
Gərgin keçən mübarizə nəticəsində I yerə Kükü kənd tam orta məktəbin “Dərya” komandası, II yerə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin “Zirvə” komandası, III yerə isə Sələsüz kənd tam orta məktəbin “Araz” komandası layiq görülüb.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
“Nuh yurdu” intellektual oyununun qaliblərinə mükafatlar təqdim olunub