Sabirabad, 2 oktyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabad rayonunun Axıska kəndindəki 50 yerlik uşaq bağçasının Azərbaycan hökuməti, USAİD, yerli bələdiyyə və icma üzvlərinin birgə maliyyə vəsaiti və dəstəyi ilə əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, 23 min 12 nəfər əhalinin yaşadığı kənddə fəaliyyət göstərən uşaq bağçası 1963-cü ildə istifadəyə verilib. O vaxtdan bəri bir dəfə də olsun təmir olunmayan bina yararsız vəziyyətə düşmüşdü. Bundan əlavə, bina kiçik olduğundan uşaqların buraya yerləşməsində də problemlər yaranırdı. Bütün bunlar nəzərə alınaraq, əsaslı şəkildə təmir olunan bağça yenidən balacaların ixtiyarına verilib.
Açılış mərasimində çıxış edən ABŞ-ın ölkəmizdəki səfirinin müavini Derek Hoqan bu cür layihələrin həyata keçirilməsinin Amerika hökuməti ilə Azərbaycan dövləti arasında əlaqələrin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri görülən işlərə görə minnətdarlıqlarını bildiriblər.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra bağçada yaradılan şəraitə baxış keçirilib, balacalara hədiyyələr və çantalar verilib.
Mərasim başa çatdıqdan sonra səfir müavini Sabirabad Regional “ASAN xidmət” Mərkəzinə gələrək xidmətin fəaliyyəti ilə tanış olub.


