Bakı, 9 oktyabr, AZƏRTAC
Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sanjay Ranan etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov 2013-cü ildə Hindistana rəsmi səfərini xatırlayaraq, iki ölkə arasında enerji, ticarət, turizm, informasiya-kommunikasiya texnologiyaları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. Nazir, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini, münaqişənin həlli üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.
Səfir Sanjay Rana Hindistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirib. O, enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, Hindistan şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiklərini söyləyib. Diplomat işgüzar dairələrin qarşılıqlı səfərləri və biznes forumlar vasitəsilə iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün səylərini əsirgəməyəciyini diqqətə çatdırıb.
Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyi vurğulanıb.
Nazir Elmar Məmmədyarov səfir Sanjay Ranaya diplomatik fəaliyyətində uğurlar arzu edib.