Bakı, 12 oktyabr, AZƏRTAC
Sərhədçi hərbi qulluqçulara və onların ailə üzvlərinə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi xüsusi diqqət mərkəzindədir. Tibb elminin yeniliklərinin, müasir texnologiyaların, qabaqcıl təcrübənin öyrənilərək Dövlət Sərhəd Xidmətinin (DSX) müayinə və müalicə müəssisələrində tətbiq edilməsi, ən yeni tibbi texnika və avadanlığın alınaraq istifadəyə verilməsi istiqamətində fəaliyyət uğurla davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tibbi təşkilatlar, nüfuzlu səhiyyə ocaqları ilə faydalı əməkdaşlıq əlaqələrinin qurulması və sərhədçi həkimlərin peşəkarlığı nəticəsində bəzi tibbi əməliyyatlar ölkəmizdə ilk dəfə məhz Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında aparılır. Hərbi cərrahiyyəyə dair simpozium da ölkəmizdə ilk dəfə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilib. 2013-cü ilin martında Bakıda keçirilən hərbi cərrahlar simpoziumunda dünyanın tanınmış hərbi cərrahları iştirak ediblər.
Hazırda Dövlət Sərhəd Xidməti hərbi hospitalının cərrahları ilə Dünya Beynəlxalq Cərrahlar Cəmiyyətinin və Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun sıx əlaqələri mövcuddur. Sərhədçi cərrahlar beynəlxalq təşkilatların işində fəal iştirak edir, innovativ metod və üsullarla tanış olur, təcrübə mübadiləsi aparırlar. Beynəlxalq hərbi cərrahlar cəmiyyətində səmərəli fəaliyyətin nəticəsidir ki, Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi, tibb elmləri üzrə fəlsəfə doktoru tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə Tailandda keçirilən Dünya Beynəlxalq Cərrahlar Cəmiyyətinin 46-cı konqresində Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər ərzində prezidenti seçilib.
Sərhədçi cərrahın bu uğuru ölkəmizdə hərbi cərrahiyyənin inkişafının mühüm göstəricisidir.
