Bakı, 12 oktyabr, AZƏRTAC
Dekabrın 1-31-dək “Nargis” fondunun təşkilatçılığı ilə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” adlı xeyriyyə yarmarkası keçiriləcək.
Fonddan AZƏRTAC-a bildiriblər ki, artıq üçüncü dəfə həyata keçirilən yarmarkadan, ənənəyə uyğun olaraq, əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək.
Hər il yarmarkanın qonağı olan uşaq evlərinin sakinlərini tanınmış şəxslərlə görüş, sevimli ifaçıların çıxışları, yarmarkanın sponsorları tərəfindən suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.
Uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş çoxsaylı əyləncə və sürprizlər əsl Yeni il bayramı ab-havası yaradır.
“Mələklər” şüarı altında 1ay ərzində davam edəcək yarmarkada doğmalarınıza və əzizlərinizə Yeni il münasibətilə hədiyyələr alaraq ehtiyacı olan çoxlu sayda uşaqlara sevinc bəxş etmiş olacaqsınız. Layihəyə cəlb olunmuş sponsorlar, könüllülər və layihə iştirakçıları möcüzəyə ehtiyacı olan uşaqların müalicəsinin və əyləncəsinin həyata keçirilməsinə böyük töhfələr verən mələklər olacaqlar.