O, 33 yaşlı müdafiəçinin buna layiq olduğunu söyləyib: "Çünki çox peşəkar və öz üzərində çalışan biridir. Həmişə intizamı qoruyub saxlayır. Xüsusən, Albaniya millisinin Ermənistandakı böyük hesablı qələbəsindən sonra bu, bizim üçün daha maraqlı oldu. Ona görə də Aqollini təbrik edirəm. Şadam ki, o, belə bir turnirdə iştirak edəcək".
A.Aqolli ilə "Qarabağ" arasındakı müqavilə cari mövsümün sonunda başa çatacaq. Daha sonra AVRO-2016-ya start veriləcək. Bu baxımdan, təcrübəli müdafiəçi ilə anlaşmanın uzadılması və futbolçunun final mərhələsində məhz "Qarabağ"ın üzvü kimi iştirakı böyük önəm kəsb edir. Q.Qurbanov isə yeni müqaviləni imzalamağa hələ vaxtlarının olduğunu, bu barədə düşünəcəklərini söyləyib: "Biz futbolçu ilə hər hansı turnirdə iştirakına görə müqavilə bağlamaq istəmirik. Aqolli ilə hazırkı anlaşmanın bitiminə hələ çox var. Düşünürəm ki, o, bir neçə il də yaxşı futbol oynamaq iqtidarındadır. Buna xarakteri də çatır. Hələ mövsümün sonuna qədər vaxt var və yeni anlaşma üzərində fikirləşəcəyik".
A.Aqolli Albaniya millisinin heyətində Ermənistan yığması ilə martın 29-da keçirilmiş ilk seçmə matçdakı 2:1 hesablı qələbədən sonra "Qarabağ" rəhbərliyi tərəfindən mükafatlandırılıb. Ötən gün İrəvanda da 3:0 hesablı qələbə qeydə alınıb. Amma sol cinah müdafiəçisi cəzalı olduğu üçün oynamayıb. Digər tərəfdən, futbolçusu millinin heyətində final mərhələlərində çıxış edən kluba da UEFA və FİFA tərəfindən mükafat verilir. Bu məqamlarla bağlı suala Q.Qurbanov yarızarafat-yarıciddi cavab verib: "Bir şey fikirləşərik. Deyirsiniz UEFA-nın ayıracağı mükafatdan da Aqolliyə ayıraq? O, son qarşılaşmada oynamayıb. Mükafatı yarıbayarı bölərik".
Qeyd edək ki, Albaniya millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Ansi Aqollinin komandası İ qrupunda 2-ci yerin sahibi kimi bu hüquqa yiyələnib.