Bakı, 15 oktyabr, AZƏRTAC
Noyabrın 4-6-da Bakıda keçiriləcək və üç panel sessiyadan ibarət olunacaq illik Xəzər texniki konfrans və sərgisində Xəzər regionunun neft-qaz sahəsinin ən aktual məsələləri, problemləri və imkanları müzakirə olunacaq.
Neft və qaz mühəndisləri cəmiyyətindən (SPE) AZƏRTAC-a bildirilib ki, sessiyalarda regionun neft və qaz sahəsində çalışan rəhbər işçiləri, əməliyyat şirkətlərinin, servis təşkilatlarının, konsaltinq firmalarının və tədqiqat mərkəzlərinin təmsilçiləri, o cümlədən SOCAR, bp, “ExxonMobil”, “Schlumberger”, “Total” və “TANAP” kimi şirkətlərin mütəxəssisləri iştirak edəcəklər.
SPE hesab edir ki, Xəzər regionu Türkiyə və Avropaya təbii qazın təchizatında əsas rol oynayır, təchizatların təhlükəsizliyinə görə sabit geosiyasi mühitə malikdir.
Konfransın birinci panel sessiyası qaz yataqlarının işlənməsinə həsr ediləcək. Sessiyada Xəzər qazına olan tələbatın cari və gələcək mənbələrinə, hasilat-satış (kəşfiyyat işlərindən başlayaraq hasil edilmiş məhsulun satışınadək) silsiləsinin əsas iştirakçılarına, bu iştirakçıların üzləşdiyi texniki və kommersiya problemlərinə baxılacaq. Həmçinin, irimiqyaslı neft və qaz layihələri, onlarla bağlı müxtəlif risklər, o cümlədən texniki risklər, layihələrin icrası, öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı risklər əsas müzakirə mövzusu olacaq. Müzakirələr layihələrin erkən mərhələlərində yaranan bir sıra ən vacib məsələlərin təhlilinə imkan yaradacaq.
Risklərin tanınması və yumşaldılması isə ikinci panel sessiyada müzakirə olunacaq. Bu sessiyada bir sıra vacib məsələlərə, o cümlədən səmərəli idarəetmə sisteminin işlənib hazırlanmasına, layihələrin uğuruna yönəlmiş insan dinamikasına aid məsələlərin həllinə, layihənin icrası boyu risklərin tanınması və yumşaldılması ilə bağlı problemlərin həllində kritik təfəkkürə malik olan layihə qruplarının yaradılması nəzərdən keçiriləcək.
Son panel sessiyasında beynəlxalq təşkilatların, milli şirkətlərin və hökumət orqanlarının yerli potensialın və texniki təcrübənin yaradılması istiqamətində əməkdaşlıq məsələləri ilk mənbələrdən dinlənib müzakirə ediləcək.
AZƏRTAC-ın media partnyoru olduğu tədbirdə 700-dən çox beynəlxalq və yerli neft şirkətin, hökumət orqanlarının, servis şirkətlərinin, elmi müəssisələrinin və digər təşkilatların təmsilçiləri iştirak edəcək. Tədbirin təşkilatçıları SOCAR və bp şirkətidir. Tədbirin digər sponsorları “Baker Hughes”, “Caspian Geophysical”, “Chevron”, “ENGIE”, “ExxonMobil”, “Halliburton”, “INPEX”, “Nobel Oil”, “Petronas”, “Schlumberger”, “Statoil”, “TCO” və “Total” şirkətləridir.
Neft və qaz mühəndisləri cəmiyyəti (SPE) enerji mənbələrinin işlənməsi və hasilatı ilə məşğul olan texniki mütəxəssislərin qeyri-kommersiya peşəkar təşkilatdır. SPE dünyanın 147 ölkəsində 143 min üzvə xidmət edir. Cəmiyyət neft və qaz kəşfiyyatı və istehsalı sahəsinə aid mühüm texniki bilik resursudur. O, özünün nəşrləri, tədbirləri, təlim kursları və www.spe.org səhifəsində yerləşdirilmiş onlayn resursları vasitəsilə xidmət göstərir.