[ 02 Fevral 2015 12:40 ]
Qusar. Vəli Turan - APA. Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov Qusarda növbəti vətəndaş qəbulu keçirib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Komitə sədri qəbul müddətində müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların təklif və xahişlərini diqqətlə dinləyib. Qəbula gələn vətəndaşlar əsasən onlara ayrılmış torpaq sahələri, yaşadıqları fərdi həyət evləri və mənzilləri, kommersiya məqsədilə istifadə etdikləri qeyri – yaşayış sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub. Vətəndaşlar bu istiqamətdə zəruri hüquqi yardımın göstərilməsi, müraciətlərindəki məsələlərin həllində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı komitə sədrinə müraciət edib. Həmçinin dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciətlər olub.
K.Həsənov komitənin səlahiyyətlərinə aid səsləndirilən bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıq və göstərişlərini verib. Bunun nəticəsində qaldırılan bəzi müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll olunub. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah edilib və hüquqi məsləhətlər verilib. Qəbul vaxtı səsləndirilən, lakin araşdırılması tələb olunan müraciətlər də qeydiyyata alınıb. Müraciətlərin nəticələri barədə vətəndaşlara məlumatın veriləcəyi bildirilib. Komitənin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.