Bakı, 19 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində “BakuBuild-2015” XXI Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində keçiriləcək VIII Beynəlxalq “Aqua-Therm Baku 2015” sərgisində istilik, havalandırma və kondisiyalaşdırma sistemləri (HVAC), üzgüçülük hovuzları, sauna və SPA mərkəzləri üçün avadanlıqlar nümayiş etdiriləcək.
“Iteca Caspian”şirkətindən AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycan, İtaliya, Çin, Rusiya, Türkiyə, Xorvatiya, İsveçrə, Belçika, Danimarka, Almaniya və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən şirkətləri bir araya toplayacaq.
Sərgi iştirakçıları arasında Azərbaycanın “Aquamarket”, “Aquart” , “Azelektro”, “Azertexnolayn”, “Besttechnik”, “Euroclima”, “Metak”, eləcə də, “Chemoform AG” (Almaniya), “Danfoss” (Danimarka), “Kaskad – Hidro” (Azərbaycan-İtaliya), “Terrendis” (Belçika), “Sauna Insaat” (Azərbaycan -Finlandiya), “Yuhuan Jingyu Valve Factory” (Çin) və bir sıra digər şirkətlər də yer alacaq.
Yeni məhsullara qaz rampaları, suyun emalı və çirkab suların təmizlənməsi üçün yeni texnologiyalar və izolyasiya edilmiş elastik (plastik) boruları nümunə göstərmək olar. Sərgidə “Altintaş”, “Arcelik”, “Belimo”, “Bugatti”, “Chemoform AG”, “Danfoss”, “Elektro-Kalori Esbe”, “Flam”, “Firestone”, “Harvia”, “Hidtrotech Group”, “Immergas”, “Metem“, “Metak”, “Mitsubishi”, “Vargon” və digər brendlər təqdim olunacaq.
“Aqua-Therm Baku 2015” sərgisi ziyarətçilərə sənayenin müvafiq sahələrində əldə edilmiş nailiyyətlərlə tanışlıq üçün yaxşı imkan yaratmaqla yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də qarşılıqlı faydalı müqavilələrin imzalanmasına da kömək edəcək.