Bakı, 21 oktyabr, K.Əliyeva, P.İmanova, AZƏRTAC
Oktyabrın 21-də “Hilton-Baku” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi çərçivəsində nəşr edilmiş “Uşaq inkişafının qiymətləndirilməsi” kitabının təqdimat mərasimi keçirilib. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində gənc alim və mütəxəssislərin, eləcə də Qarabağ tədqiqatları üzrə üçüncü “Şuşa qrantı” müsabiqələrində qalib gələn layihələrin rəhbərləri ilə ənənəvi görüş olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğidan, bu sahədə həyata keçirilən Dövlət proqramlarından və layihələrdən danışıb. Bildirilib ki, həmin layihələrdən biri olan “Uşaq inkişafının qiymətləndirilməsi” kitabının müəllifi Turanə Əliyeva, elmi redaktoru Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevadır.
Kitabın müəllifi T.Əliyeva nəşr barədə məlumat verib. Qeyd olunub ki, məktəbəqədər qiymətləndirmənin tarixi, qiymətləndirmə prosesinə istiqamət verilməsi üçün istifadə olunan ekoloji yanaşma, məktəbəqədər yaşlı uşaqların psixoloji qiymətləndirilməsi zamanı rast gəlinən etik məsələlər, əməl ediləcək prosedurlar barədə dəyərli mənbədir. Kitab əsasən psixologiya ixtisası üzrə təhsil alan tələbələri və psixoloji qiymətləndirmə sahəsində müəyyən kurslar keçmiş peşəkarları uşaq inkişafı və onun qiymətləndirməsi sahəsində müvafiq bilik və bacarıqlarla təmin etmək məsədilə hazırlanıb.
Sonda qalib layihə rəhbərlərinə sertifikatlar təqdim olunub.

Qrant müsabiqələrində qalib gələn layihələrin rəhbərləri ilə görüş olub
Qrant müsabiqələrində qalib gələn layihələrin rəhbərləri ilə görüş olub