Bakı, 21 oktyabr, AZƏRTAC
Dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayan mikro, kiçik və ortahəcmli biznesə dəstək olmaq məqsədi ilə “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı sahibkarlara təklif etdiyi kredit məhsulları barədə geniş məlumatlandırma aksiyasına başlayıb. Şamaxıda təşkil olunan tədbirdə təşkilat müştərilərə təklif olunan mövcud əlverişli kredit şərtləri barədə əhatəli məlumatlar verib və maliyyəyə ehtiyac duyan sahibkarlara həm yerli, həm də xarici valyutada kredit təklif olunması diqqətə çatdırılıb.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, hazırda 65-dən çox filial şəbəkəsinə malik “FINCA Azerbaijan” fəaliyyətinin 85 faizini regionlarda cəmləşdirib. Rayon və kənd yerlərində maliyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasını təmin etmək məqsədi ilə təşkilat kənd təsərrüfatı da daxil olmaqla, kiçik biznes sahiblərinin gəlirlərini artırması və yeni iş yerləri yarada bilmələri üçün onlara müxtəlif kredit məhsulları təklif edir.
Şamaxıda keçirilən məlumatlandırma aksiyasına kiçik biznes sahibləri, eləcə də rayon ərazisində yaşayan sakinlər böyük maraq göstərib və “FINCA”nın təklif etdiyi kredit məhsulları barədə geniş məlumat əldə etməyə çalışıblar. Təşkilatın peşəkar mütəxəssisləri hər bir müştərinin kredit məhsulu barədə sualını cavablandırıblar.
“FINCA Azerbaijan” regionlarda fəaliyyət strategiyasını genişləndirir