Roman Qriqorçuk: "Sonadək mübarizə aparacağıq"

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində baş tutacaq “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya) oyunundan bir gün əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

“Borussiya” ilə qarşılaşmada yaxşı nəticə qazanmaq şansımız var. Amma şansımızın nə qədər olduğunu söyləmək çətindir. Sabah keçiriləcək matçda sonadək mübarizə aparacağıq. Şanslarımızdan istifadə etmək üçün bacardığımızdan da artığını edəcəyik. Həmişə reallıqla danışmışam. “Borussiya” ilə qarşılaşmada şans verəcəyim hər futbolçuya inanıram. Meydana çıxacaq hər bir oyunçumuz meydanda əlindən gələni edəcək. Almaniyalılara qarşı ancaq müdafiədən oynayacağımızı düşünmək düzgün olmazdı. Dortmund klubunun gücünə yaxşı bələdik. Çətin oyun olacağını da yaxşı bilirik. Buna baxmayaraq, müdafiədə oturmalı deyilik. Təkcə müdafiə olunmaq bizim oyun fəlsəfəmizə də uyğun deyil. Öz oyun sistemimizdən imtina etməyib, bacardığımız futbolu nümayiş etdirəcəyik. Bunu “Borussiya” kimi rəqiblə oyunda necə gerçəkləşdirəcəyimiz də maraqlıdır. Uğurlu nəticə əldə etmək istəyiriksə, hücumlarımızın sayını artırmalıyıq. Arxa xətdə oynamaqla istəyimizə çata bilmərik. Belə vacib oyunöncəsi narahatçılığa əsas görmürəm. Öz işimizi düzgün qurduğumuzdan komandamızda hər şey qaydasındadır. İndiyə qədər böyük iş görmüşük. Bu, sabahkı görüşdə də bizə kömək etməlidir. Rəqibimiz güclü olsa da, biz öz oyunumuzu göstərməliyik. Bu matça psixoloji cəhətdən də hazırıq. Avrokuboklarda daha güclü komandalarla qarşılaşırıq. Bizim kimi onlar da qarşılaşdıqları komandanı yaxşı təhlil edir və istəyimizi reallaşdırmağa imkan vermirlər. Sabah hücumları başlamaq, onları davam etdirmək mənasında daha fəal olmalıyıq. “Borussiya”da sürətli oyunçular çoxdur və bunu Allah vergisi adlandırmaq da olar. Onlar boşluq tapan kimi bundan yararlanırlar”.

Roman Qriqorçuk azarkeş amilinə də toxunub: “Düşünürəm ki, komanda yaxşı oynayıb, nəticə qazansa, azarkeşlər stadiona gələcək. Hazırkı vəziyyətdə mümkün olan hər şeyi etdik. Komandamız azarkeşlərimiz, stadiona gələnlər üçün futbol oynayır. Futbol insanları birləşdirən sosial hadisədir. Azarkeşlər həmişə bizə dəstək olublar. Onlara dəstəyə görə öncədən təşəkkürümü bildirirəm. Bu səviyyədə komanda ilə qarşılaşmaq imkanı qazandığımıza şadam. Bunun özü də bir uğurdur. Hamımız ilk növbədə, “Borussiya” kimi klubun Azərbaycana gəlməsinə sevinməliyik. Bu amil mənə qürur hissi verir. Axı Dortmund klubu bizə qarşı oynayacaq və nəyə qadir olduğumuzu göstərmək imkanı verəcək. “Borussiya”nı yaxşı təhlil etmişik. Rəqibimizin bir neçə oyun variantı var ki, vəziyyətə uyğun birini seçir. Almaniya təmsilçisi ustalıq səviyyəsi yüksək olan, sürətli oyunçulara malikdir. Çətinliyimiz sürətli futbolçulara qarşı oynamaq olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR