Bakı, 22 oktyabr, AZƏRTAC
Fizika fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş müvafiq test tapşırıqları elmi-metodiki baxımdan müzakirə olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin internetlə videobağlantı əsasında TQDK-nın Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri də iştirak ediblər.
Test tapşırıqları imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, nominasiya və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.
Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.
Oktyabrın 28-də keçiriləcək seminarda test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.