SOCAR “Azərikimya” İstehsalat Birliyi 2026-cı ildə istehsal gücündən istifadə göstəricisini 86%-dən yuxarı qaldırmağı hədəfləyir.
Metbuat.az xəbər verir ki, bu barədə SOCAR “Azərikimya” İstehsalat Birliyinin yeni Baş direktoru Elnur Elxan oğlu Məmmədli müəssisənin fəaliyyəti və istehsal imkanları ilə bağlı təqdimat zamanı jurnalistlərin suallarını cavablandıran zaman məlumat verib.
Onun sözlərinə görə, hazırda müəssisədə təxminən 1900 nəfər çalışır, istehsal isə son istehlakçıların sifarişləri və bazardakı tələbat nəzərə alınmaqla planlaşdırılır:
“Azərikimya” SOCAR Polymer-in əsas və etibarlı xammal təminatçılarından biri kimi fəaliyyət göstərir. 2021-ci ildə həyata keçirilən uyğunlaşdırma və modernizasiya tədbirlərindən sonra əsas məqsədlərdən biri yeni qurğuların xammalla daha dayanıqlı təmin edilməsi olub.
Normal əməliyyat rejimində məşəl sistemində yalnız texnoloji təhlükəsizlik üçün zəruri qazlar yandırılır. Atmosferə qaz emissiyaları xüsusi monitorinq sistemləri vasitəsilə izlənilir".
Baş direktor qeyd edib ki, İstehsalat Birliyinin əsas istehsal sahələri etilen-propilen, yüksək təzyiqli polietilen, həmçinin buxar və elektrik enerjisi istehsalatından ibarətdir.
Məlumat verilib ki, etilen üzrə illik dizayn məhsuldarlığı 190 min ton, propilen üzrə isə 187 min ton təşkil edir. Yüksək təzyiqli və aşagı sıxlıqlı polietilen istehsalatının ümumi illik gücü 120 min tondur. Elektrik enerjisi istehsal gücü isə 65 meqavat təşkil edir. Daxili tələbat ödənildikdən sonra artıq elektrik enerjisi şəbəkəyə ötürülür.
İstehsal olunan əsas məhsullar etilen və propilendir. Bu məhsullar SOCAR Polymer-in polietilen və polipropilen istehsalının xammalla təmin edilməsinə yönəldilir. Bundan başqa, piroliz benzini, maye karbohidrogenlər, ağır qatranlar və butan-butilen (C4) fraksiyası kimi məhsullar da əldə olunur.
E.Məmmədlinin sözlərinə görə, müəssisənin məhsullarının 90%-dən çoxu ixrac edilir. Əsas ixrac bazarlarından biri Türkiyədir. Bununla yanaşı, Qırğızıstan da daxil olmaqla Mərkəzi Asiya ölkələrinə satış imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır.
“Əsas hədəflərimizdən biri Mərkəzi Asiya bazarında mövqelərimizi genişləndirməkdir. Bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edim ki, "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilen (HDPE) qurğularında texnoloji proses zamanı ayrılan təsirsiz püskürmə qazlarının təkrar istifadəsi təmin edilir.
"Azərikimya" ilə "SOCAR Polymer" arasında çəkilmiş 4 kilometr uzunluğunda boru xətti vasitəsilə həmin qazlar geri qəbul edilərək yenidən istehsalata yönəldilir".
Müəssisənin texnoloji qurğuları ilkin olaraq ildə 8760 saatlıq iş rejiminə hesablanıb. Son illərdə planlı dayanma və təmir işlərinin 2–3 ildən bir həyata keçirilməsi ilə istehsal imkanlarının daha səmərəli istifadəsinə şərait yaradılıb.
Müəssisənin anbar infrastrukturuna gəldikdə isə, polietilen məhsullarının saxlanılması üçün 3000 tonluq anbar, ağır qatran və piroliz benzini kimi maye məhsullar üçün isə müvafiq saxlama çənləri mövcuddur.