Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa Şurasının faktaraşdırıcı missiyasının nümayəndə heyətinin üzvləri Tanja Rakusic və John Makallenlə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Süleymanova qonaqlara ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyəti, bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib. O, MPM-in fəaliyyəti ilə bağlı hesabatların və hüquqi nəşrlərin də hazırlanaraq çap olunduğunu, habelə ombudsman tərəfindən qanunvericiliyə və müvafiq dövlət qurumlarına ümumən 460-dan artıq təklif verildiyini, bunların çoxunun öz həllini tapdığını bildirib. Müvəkkil Milli Preventiv Mexanizm qismində dövlət qurumları, QHT və KİV-lə, beynəlxalq təşkilatlar, o cümlədən SPT, CPT, APT, habelə müxtəlif dövlətlərin MPM-ləri ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Fikir mübadiləsi şəraitində davam edən görüşdə Ombudsmanın MPM qismində fəaliyyətinin inkişaf etdiyi vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.