[ 02 Fevral 2015 18:28 ]
Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında “Reklam haqqında” yeni qanun layihəsi birinci oxunuşda konseptual olaraq müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihəni İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov təqdim edib.
Bildirilib ki, ilk dəfə Azərbaycanda 1997-ci ildə “Reklam haqqında” qanun qəbul olunsa da, mövcud şərait bu qanunun tamamilə yenidən hazırlanmasını zəruri hala gətirib. Yeni qanun layihəsi 38 maddədən ibarətdir. Sənəddə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur. Televiziyada yerləşdirilən reklamların vaxt məhdudiyyətləri dəqiqləşdirilib, sponsor reklamlarının yerləşdirilməsinə dair yeni qaydalar sənəddə əksini tapıb.
V. Əhmədov deyib ki, yeni qanun layihəsində alkoqollu içkilərin, abortun reklamı, dərs vəsaitlərinin üzərində reklamların yerləşdirilməsi, dərman preparatlarının reklamı, hərbi təyinatlı silahların reklamı, açıq məkanda reklamın yerləşdirilməsi ilə bağlı bir sıra qadağalar və yeni qaydalar öz əksini tapıb. Sponsor reklamının təqdim olunmasına dair xüsusi layihə təqdim edilib. Yeni qanunda reklamın nəqliyyat vasitəsinə yerləşdirilməsi ilə əlaqədar sərnişinlərin təhlükəsizlik məsələsinə yenidən baxılıb. Bu layihədə həmçinin, lotereyanın reklamında olan məlumatların dəqiq əks olunması haqqında tələblər irəli sürülüb.
Müzakirələr zamanı əsasən sosial reklamlara yer verilməsinin sənəddə xüsusi qeyd olunması tövsiyə olunub və bunun ikinci oxunuş zamanı nəzərə alınmasının vacibliyi vurğulanıb.
Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.