Bakı, 26 oktyabr, Samirə Quliyeva, AZƏRTAC
Oktyabrın 26-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hazırda Azərbaycan Yaponiya ilə neft-qaz, energetika, maliyyə sahələrində əməkdaşlıq edir. Ölkəmizin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə səmərəli əlaqələri var. Azərbaycanda Yaponiya investisiyalı 18 şirkət qeydiyyata alınıb. Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın qeyri-neft sahəsində genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib. Azərbaycan və Yaponiya kimya sənayesi, polad istehsalı, əczaçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əməkdaşlıq edə bilərlər. Diqqətə çatdırılıb ki, Azərbaycanın neft-kimya sahəsində geniş potensialı və təbii resursları var. Ölkəmizdə Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Artıq sənaye parkında 4 rezident qeydiyyatdan keçib və rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 milyard manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Nazir Şahin Mustafayev Sumqayıt Kimya Sənaye Parkında Yaponiya şirkətlərinin iştirakının və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Azərbaycanda dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığı, bu sahədə Yaponiyanın "Marubeni Corporation" şirkətinin məsləhət xidməti göstərdiyi bildirilib. Qeyd edilib ki, Yaponiya şirkətləri bu sahədə podratçı qismində iştirak edə, həmçinin investisiya yatıra bilərlər.
Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amari Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizə səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətli olacağını vurğulayıb. Akira Amari Yaponiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə kimya sənayesi, metallurgiya, əczaçılıq və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının təqdimatı keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.