Qəbələ, 28 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda təşkil olunan “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, gəncləri Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, onlarda Vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, çağırış yaşına qədərki yeniyetmələr arasında hərbi hazırlığı gücləndirmək məqsədilə keçirilən yarış Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən təşkil olunub.
Yüz metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma üzrə keçirilən birincilikdə rayonun ümumtəhsil məktəblərindən 20-dək komanda iştirak edib. Yarışda Əmirvan kənd tam orta məktəbin komandası birinci, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası ikinci, Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası üçüncü yeri tutub.
Qalib komandalara diplomlar təqdim edilib. Birinci yeri tutan komanda respublika çempionatının zona mərhələsində iştirak etmək hüququ qazanıb.
