ANS PRESS-in məlumatına görə, bu haqda İndoneziyanın Azərbaycandaki səfirliyi məlumat verib.
Vizasız rejim yalnız turistlərə tətbiq olunacaq. İndoneziyaya turistik məqsədlərlə səfər edən Azərbaycan vətəndaşları ölkədə bir ay ərzində vizasız qala bilərlər.
Yeni qaydalara görə, Azərbaycandan gələn turistlərin pasportlarına ölkədə 30 gün ərzində qalmağa icazəni nəzərdə tutan möhür vurulacaq. (Bu müddət uzadıla bilməz.) Buna görə turistdən əlavə pul alınmayacaq.
Viza rejiminin ləğvi haqda qərar İndoneziya və Azərbaycan arasında turizm sahəsində münasibətlərin genişləndirilməsi üçün qəbul edilib.

İndoneziyadan savayı, Azərbaycan vətəndaşları həmçinin Kuba, İordan krallığı, Malayziya, Maldiv adaları, Mauritaniya, Şimali Kipr, Seyşel adaları, Suriya, Tunis və Türkiyəni vizasız ziyarət edə bilərlər.
Bundan əlavə ölkə vətəndaşları Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan və Ukraynada 90 gün ərzində vizasız yaşaya bilərlər.