Bakı, 30 oktyabr, AZƏRTAC
İtaliyanın Paestum şəhərində XVIII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVIII "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) öz işinə başlayıb. Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyi da iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgiyə UNESCO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfdaşlıq edir.
Keçiriləcəyi günlər ərzində yuxarıda adları qeyd edilən beynəlxalq təşkilatların, 130-dan çox iştirakçının, 30-dək ölkənin stendlərini 10 mindən çox adamın ziyarət edəcəyi gözlənilir.
Oktyabr 29-da təşkil olunan sərginin rəsmi açılışında Kapaççio Pestum şəhərinin meri İtalo Voza və Salerno vilayətinin prezidenti Cuzeppe Canfaro iştirak ediblər. Gün boyu davam edən sərgidə arxeologiya və turizm haqqında 25-dən çox konfrans və görüşlər keçirilib.
Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus 24 kvadratmetrlik sahə icarəyə götürülərək xüsusi dizayn edilmiş lövhə quraşdırılıb. Stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və italyan dillərində müxtəlif reklam-çap və arxeoloji turizmə həsr olunmuş təbliğat materialları ilə təmin olunub.
Ölkəmizə məxsus milli stendi ziyarət edən UNESCO-nun baş direktorunun köməkçisi, Ərəb ölkələri Regional Mərkəzinin baş direktoru Munir Buşenaki Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkəmizdə mövcud olan UNESCO-nun Ümumdünya İrsinin Gözləmə Siyahısında yer alan abidələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin nümayəndələri də iştirak edir.