“Təhsi haqqında” qanun Prezident tərəfindən parlamentə təqdim olunmalıdır”

”Elə qanunlar var ki, ayrı-ayrı strukturlarla bağlı olur. Ancaq “Təhsil haqqında” qanun fərqlidir. Çünki təhsil elə bir sahədir ki, bütün əhalini əhatə edir. Biri müəllimdir, başqasının övladı tələbə, yaxud şagirddir və s. Ona görə də hər kəs özünün gördüyünü ora təqdim etmək istəyir”. Lent.az-ın xəbərinə görə, bunun jurnalistlərə açıqlamasında YAP-dan olan millət vəkili Siyavuş Novruzov deyib. O, deyib ki, qanuna hər bir şeyi yığmaq, toplamaq mümkün deyil: “Ona görə də hesab edirəm ki, ciddi mütəxəssislər oturub işləməlidir. Ya da “Təhsil haqqında” qanun Milli Məclisin Elm və təhsil komissiyası deyil, Prezident tərəfindən parlamentə təqdim olunmalıdır. Əks halda, hər kəs “mənim düşündüyüm orada olmalıdır” fikri ilə səs verməyəcək və müzakirədə qanun qəbul olunmayacaq.

S.Novruzov deyib ki, hər ali məktəb rektoru “Təhsil haqqında” qanunda marağının qorunmasını istəyir: “Həmçinin Təhsil Nazirliyinin öz maraqları, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının öz marağı var. Axı nəzərə almaq lazımdır ki, bu qanunu qəbul edənlər özləri üçün etmir, bu bütün cəmiyyət üçündür və onillərlə, yüzillərlə işlənəcək”.

Millət vəkilinin sözlərinə görə, mütəxəssislər “Təhsil haqqında” qanunu hazırlayarkən bir neçə dünya ölkəsinin praktikasına əsaslanmalıdırlar: “Bundan sonra isə sistemin yalnız birini götürmək lazımdır. Ya, keçmiş sistem qalmalıdır, ya da yenisinə keçməliyik. Yarı ondan, yarı bundan mümkün deyil, belə qanun keçməyəcək. Məsələn, indi bizdə bakalavr, magistratura ilə yanaşı aspirantura və doktorantura da var. Hansı ki, dünyanın heç bir yerində belə bir şey yoxdur”.

S.Novruzovun sözlərinə görə, qanunun qəbul olunmasının ləngiməyi bir sıra problemlər yaradır: “Məsələn, bir çox insanlar doktorluq işi müdafiə etmək istəsələr də görürlər ki, yeni qanunda doktorluqla namizədlik eyni sistemdə gedir. Bizim təhsil sistemi daha çox Avropa strukturlarına uyğunlaşdırılmalıdır. Düzdür, köhnə sistemdə yaxşı məqamlar var idi və onları saxlamaq lazımdır. Ancaq istənilən halda 5-6 pilləli təhsili aradan götürmək lazımdır”.

Pərvin ABBASOV