Bakı. 31 oktyabr. REPORT. AZ/ Seçkilərə hazırlıq Mərkızi Seçki Komissiyasının (MSK) planına və təqvim planına və uyğun keçirilib.
"Report"un məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nəzərdə tutulmuş işlər vaxtında həyata keçirilib. M.Pənahov əlavə edib ki, 5 milyondan çox seçicinin səsverməsi üçün lazımı şərait yaradılıb: "125 deputat yeri uğrunda 767 namizəd mübarizə aparacaq, onlardan yarısından çoxu siyasi partiyaları təmsil edir. Namizədlər 15 siyasi partiyanı və "Azadlıq" seçki blokunu təmsil edirlər".
Onun sözlərinə görə, ən çox namizədin qeydə alındığı dairədə 12 namizəd var. Ən az namizədin olduğu dairədə isə 3 namizəd var. Həmçinin seçki məntəqələrdə yüksək keyfiyyətli 1000- dən çox veb-kameralar quraşdırılıb.
Müşahidəçilər barədə danışan M. Pənahov deyib ki, 66 mindən artıq müşahidəçi qeydə alınıb, onlar üçün də bütün şəraitlər yaradılıb. O qeyd edib ki, müşahidəçilər arasında nüfuzlu təşkilatların nümayəndələri də var.
M.Pənahov onu da bildirib ki, seçkilərdə 2 yerli və 2 xarici təşkilat "exit poll" keçirəcək. Onlardan biri Fransa təşkilatıdır.