Fikrət Yusifov: “Neftin ucuzlaşması gələn il də Azərbaycan iqtisadiyyatı üçün ciddi fəsadlar yaratmayacaq”

Fikrət Yusifov: “Neftin ucuzlaşması gələn il də Azərbaycan iqtisadiyyatı üçün ciddi fəsadlar yaratmayacaq”
13:27 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 13:23 ]

Bakı - APA-Economics. “2014-cü ilin ikinci yarısından dünyada baş qaldıran iqtisadi və maliyyə təlatümləri bütün ölkələrə, ilk növbədə iqtisadiyyatı neftlə bağlı olan ölkələrə təsirsiz ötüşmədi. Qonşu Rusiyada baş verənlər isə orada ağır iqtisadi nəticələrə gətirib çıxardı. Hesab edirik ki, belə bir vəziyyətdə ölkəmizin bu ili uğurlu göstəricilərlə başa vurmasını müsbət dəyərləndirmək lazımdır”.

 

Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov ilin iqtisadi yekunlarına dair fikirlərini açıqlayarkən deyib.

 

BİAB sədrinin fikrincə, yola saldığımız ilin Azərbaycan üçün əlamətdar hadisəsi Cənub qaz dəhlizinin təməlinin qoyulmasıdır. Bu layihənin icrasının Azərbaycana böyük siyasi və iqtisadi dividentlər gətirəcəyini deyən iqtisadçı, başa vurmaqda olduğumuz ilin 11 ayı ərzində ölkədə 40-a qədər orta və iri müəssisələrin istifadəyə verildiyinə diqqət yönəldib: “Ümumi Daxili Məhsulun həcmi 2,2%, qeyri neft sektoru isə 6,5 faiz artıb. Ölkədə orta illik inflyasiya 1,5% olduğu halda əhalinin orta aylıq əmək haqqı 5,5% və ya inflyasiyanın səviyyəsindən 3,7 dəfədən çox artıb”.

 

F. Yusifov qeyd edib ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanın 2015-ci il dövlət büdcəsi son illərin ənənəsini qorunaraq gəlir və xərcləri üzrə artan templə proqnozlaşdırılıb: “2015-ci ildə əsasən investisiya layihələrinin maliyyələşdirilməsini təmin etmək üçün Neft Fondundan Dövlət Büdcəsinə birbaşa yönəldiləcək 10,3 milyard manat vəsait nəzərə alınmasa, büdcənin neftdən asılılığı təqribən 25% həddində olur ki, bu da on illər boyu iqtisadiyyatı neftlə yoğrulmuş bir ölkə üçün normal hesab olunmalıdır. Yola saldığımız 2014-cü ildə qeyri neft sektorunun artım tempinin Ümumi Daxili Məhsulun artım tempindən 3 dəfəyə qədər yüksək olması, qeyri-neft sektorunun inkişafinın ciddi hədəfə çevirildiyindən xəbər verir. Artıq Ümumi Daxili Məsulun tərkibində qeyri neft sektorunun payı 60%-ə yaxınlaşıb”.

 

Onun fikrincə, neftin qiymətlərinin dünya bazarlarında aşağı düşməsi gələn il də Azərbaycan iqtisadiyyatı üçün ciddi fəsadlar yarada bilməyəcək. Azərbaycanın belə vəziyyətlər üçün kifayət qədər ehtiyatları olduğunu vurğulayan professor ölkəmizin valyuta-qızıl ehtiyatlarının 70 milyard ABŞ dollarına yaxın bir həddə çatması faktını misal göstərib: “Ölkəmiz regionun iqtisadi cəhətdən ən qüdrətli ölkəsinə çevrilib. Cənubi Qafqazda istehsal edilən Ümumi Daxili Məhsulun 80%-ə qədəri Azərbaycanın payına düşür”.

 

Neftin qiymətlərinin aşağı düşməsinin iqtisadi motivlərdən daha çox siyasi motivlərlə bağlı olması barədə əvvəlki şərhlərdəki fikirlərini xatırladan BİAB sədri hesab edir ki, Rusiya Ukraynada baş verən hadisələrlə bağlı başqa mövqe tutsaydı,  yaxın gələcəkdə neftin qiymətlərində heç bir dəyişiklik də baş verməyəcəkdi: “Ukraynada baş verən hadisələrdən dolayı dünya siyasi müstəvisində yaranmış gərginlik nizama düşməyə başlayacağı andan neftin qiymətləri öz əvvəlki səviyyəsinə qayıdacaq. Proqnozlarımız belədir ki, bu, gələn ilin ortalarında baş verəcək”.

 

F. Yusifov 2014-cü ili Azərbaycan üçün bütövlükdə uğurlu il kimi dəyərləndirib: “Bu kursun 2015-ci ildə də davam edəcəyinə inanırıq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR