Naxçıvan, 2 noyabr, Rauf Əliyev, AZƏRTAC
Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Naxçıvan Muxtar Respublikasının Duzdağ mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi uğurla fəaliyyət göstərir. Gündəlik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 çeşiddə duz istehsal olunur və bu məhsullar məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir.
AZƏRTAC xəbər verir ki, Duzdağ yataqları Naxçıvan şəhərindən 12 kilometr aralıda, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. 1993-cü ildən sonra duz mədənində tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa, abadlıq işləri aparılıb, istismarı dayanmış və uzunluğu 1700 metr olan 1 nömrəli şaxta, eləcə də mövcud 2 duz emalı sexi müasir texnoloji avadanlıqlarla təmin edilib. 2005-ci ildə isə istehsal gücü gündə 7 və 20 ton olan iki yeni duz emalı müəssisəsi tikilərək istehsala başlanılıb. Burada bütün istehsal prosesi avtomatlaşdırılıb, paketləyici avadanlıq quraşdırılıb. Bu da hazır məhsulu 200, 250 və 500 qramlıq taralarda qablaşdırmağa imkan verir.
2010-cu ildə 3 rəqəmsal yodvuran, 2 tarixyazan və 1 duzpaketləyən avadanlıq alınıb quraşdırılıb. Əl əməyi yüngülləşdirilib, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, istehsal edilən məhsulun vaxtında sifarişçilərin ünvanlarına çatdırılması da təmin edilib. Duz mədənində istehsalatda baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə ötən il bir sıra tədbirlər həyata keçirilib, 300 metrlik ehtiyat çıxışı yaradılıb. 1050 metr uzunluğunda olan şaxtaya duz hasilatını davam etdirmək üçün dövlət maliyyə dəstəyi ilə 250 metr əlavə edilib. Maililiyi 75 metr olan şaxtanın daha yüksək səviyyədə və təhlükəsiz işıqlandırılması məqsədilə yeni transformator qoyulub.
Bundan başqa, buraya 750 metr yüksək gərginliyə davamlı kabel xətti çəkilib. Şaxtada çökmələrin qarşısını almaq üçün 18 yerdə bərkitmə işləri aparılıb, 2 min metrlik tross kanat yenisi ilə əvəzlənib.
Cari ildə də bu istiqamətdə işlər davam etdirilib, avqust ayında 1 nömrəli şaxtada mədənbərkitmə işləri üçün Sahibkarlığa Kömək Fondundan 40 min manat dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq işlər vaxtında və keyfiyyətlə yerinə yetirilib.
İstifadəyə verilən yeni istehsal sahələri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir. 80 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən duzun keyfiyyətinə tam nəzarət etməyə imkan verir.
Daxili bazarı keyfiyyətli məhsullarla təmin etmək əzmi ilə çalışan kollektiv cari ilin ilk 9 ayında 3926,1 ton daşduz və 1887,8 ton üyüdülmüş duz istehsal edib. Müəssisə tərəfindən 1348,8 ton daşduz və 2056,7 ton üyüdülmüş duz satılıb. Keyfiyyət göstəriciləri ilə seçilən Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək məqsədilə Bərdə şəhərində baza yaradılıb. Müəssisənin balansındakı yük maşınları ilə duz bazaya daşınır, oradan da sifarişə uyğun ətraf rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır. Ümumilikdə, müəssisədə istehsal olunan daşduzun 83,5 faizi, narın duzun isə 71,06 faizi Bakı şəhərində və ölkəmizin digər regionlarında satışa çıxarılır.