Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Şirvan şəhərinin, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonlarının Polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Qanuna və müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı müvəqqəti saxlama yerinin bütün kameralarına baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma, sovqat və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər, habelə saxlanılma şəraitinin təmin olunması yoxlanılıb, mövcud çətinliklər araşdırılıb.
Saxlanılan şəxslər MPQ üzvləri tərəfindən müəssisədə fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb. Həmin şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər. Onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Habelə müəssisədə saxlanılma şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin aparıldığı müşahidə olunub.
Həmin müəssisələrin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.