Bakı, 5 noyabr, AZƏRTAC
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO) Rusiyaya məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar, uçuşların təhlükəsizliyinə dair əlavə tövsiyələr qəbul edəcək.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, İKAO Şurasının rəhbəri Benard Aliu bu barədə bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, bu cür hadisələr mütəxəssisləri hava nəqliyyatı şəbəkəsini təkmilləşdirməyə sövq edir. O xatırladıb ki, qlobal avianəqliyyat sistemində hər gün 100.000-dən çox aviasiya reysi həyata keçirilir.
Bu yaxınlarda baş vermiş aviasiya qəzasına oxşar hadisələrin təhqiqat parametrləri Çikaqo konfransının sənədlərində təsbit edilib. Rusiya avialaynerinin qəzası ilə bağlı təhqiqat başa çatdırılandan, aviaqəzanın səbəbləri müəyyən ediləndən sonra İKAO uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair əlavə tövsiyələr qəbul edəcək.
Xatırladaq ki, bu il oktyabrın 31-də Şarm-əş-Şeyx – Sankt-Peterburq reysi ilə uçan, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus A-321 təyyarəsi havaya qalxandan təqribən yarım saat sonra qəzaya uğrayıb. Təyyarədə olan 224 nəfərin (217 sərnişin və 7 heyət üzvü) hamısı həlak olub.