Bakı, 5 noyabr, AZƏRTAC
Ölkədə qazlaşdırma proseslərinin sürətləndirilməsi nəticəsində “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdəki strukturlarında əlavə işçi qüvvəsinə tələbat yaranması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində birliyin 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsi yekunlaşıb.
SOCAR mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin yekun mərhələsində “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər”lərin hazırlanma kurslarını müvəffəqiyyətlə başa vurmuş 942 nəfərdən Azərbaycanın 7 regionunda təşkil olunmuş müsahibələrə dəvət olunub, onlardan 365-i müsabiqənin bu turundan da müvəffəqiyyətlə keçiblər. Müsabiqədə müvəffəqiyyət qazanan müdavimlərin müvafiq prosedurlardan sonra ən qısa zamanda işə qəbul edilməsi nəzərdə tutulub. Müsahibə nəticəsində nisbətən yüksək nəticə göstərən digər 220 nəfər isə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilib və onların “Azəriqaz” İB-də növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur.
Namizədlər müsabiqənin nəticələri barədə məlumatları SOCAR-ın insan resursları departamenti tərəfindən göndərilmiş xüsusi bildirişlər və ya vakansiyaya müraciət edən zaman onlara təqdim olunmuş FİN (fərdi identifikasiya nömrəsi) və şifrəni daxil etməklə www.socar.az internet səhifəsinin “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Müsabiqə nəticələri” paneli vasitəsilə ala biləcəklər. Müsabiqə prosesi şəffaf, obyektiv və ədalətli keçirilib.
Xatırladaq ki, “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsində 4 min 628 nəfərin müraciəti qeydə alınıb, onlardan 3 min 266 nəfəri test imtahanına dəvət olunub, 2 min 581 nəfəri test imtahanında iştirak ediblər. Test imtahanından keçən 1111 nəfərdən 942 nəfəri SOCAR-ın təlim, tədris və sertifikatlaşdırma idarəsi tərəfindən təşkil olunmuş təlimlərdə iştirak ediblər.