Bakı – APA. “Futbolçularda olduğu kimi, bizdə də bayram ab-havasıdı. İstirahət edib, güc yığırıq ki, bayramdan sonra daha yaxşı işləyək”. Bu sözləri apasport.az saytına açıqlamasında təcrübəli mütəxəssis Böyükağa Hacıyev deyib.
Məşqçilər Komitəsinin üzvü 2015-ci ildə də Azərbaycan futbolu üçün əlindən gələni edəcəyini bildirib: “Mən də daxil olmaqla, Məşqçilər Komitəsinin bütün üzvləri futbolumuz üçün növbəti ildə də var gücü ilə çalışacaq. Bilirsiz ki, 5-ci üzv Şakir Qəribov seçildi. Ondan da razıyıq. Şakir müəllim keçmiş futbolçudu, özünə hörmət edən şəxsdi. Bizim aramızda olması müsbət haldı”.
Hacıyev “Neftçi”də çalışdığı vaxt prinsipial rəqiblərindən olan və tez-tez konflikt yaşadığı Kaxaber Sxadadzenin Gürcüstan yığmasının başına keçməsinə də toxunub: “Mən əvvəldən bilirdim ki, Kaxa Gürcüstan millisinə əsas namizəddi. Yəni gedəcəyini çoxdan eşitmişdim. Sxadadzeyə uğurlar arzulayıram. O yazığa burda çox əziyyət verdim. İnanıram ki, özünü doğrulda biləcək, biz də onunla fəxr edəcəyik (gülür)”.