Bakı, 6 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan musiqi mədəniyyəti tarixində elə sənətkarlar olub ki, onlar cismən bizdən ayrılsalar da ruhən həmişə bizimlədir. Onların qoyub getdikləri mədəni irs həmişə müasirimizdir.
AZƏRTAC xəbər verir ki, bu sözlər noyabrın 6-da Bəstəkarlar İttifaqında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr edilmiş elmi-praktik konfransda səsləndirilib.
Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Tofiq Quliyevin keçdiyi həyat yolundan və yaradıcılığından söhbət açıb. Onun işıqlı xatirəsinin ürəklərdə daim yaşayacağı, əsərlərinin yaddaşlarda əbədi qalacağını söyləyib.
Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “Tofiq Quliyev və Azərbaycan Bəstəkarlar İttifaqı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Abdullayevanın “Tofiq Quliyevin kino musiqisi haqqında”, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın “Tofiq Quliyev haqqında xatirələr” mövzularında məruzələri dinlənilib.
Konfrans çərçivəsində arxiv materialları əsasında görkəmli bəstəkardan bəhs edən videomaterial nümayiş olunub.
Sonda bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim edilib.