Tokio, 9 noyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe Nazirlər Kabinetinə ölkəyə gələn əcnəbi qonaqların sayını artırmaq üçün gələn ilin martınadək yeni tədbirlər planının hazırlanması barədə göstəriş verib.
Hökumət Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarınadək hər il ölkəyə gələn turistlərin sayını 20 milyona çatdırmağı nəzərdə tuturdu. Lakin cari ilin sentyabradək olan göstəricilər Yaponiyanı 15 milyon əcnəbi turistin ziyarət etdiyini təsdiq edib. Bu, hökuməti daha böyük vəzifələrin həyata keçirilməsinə ruhlandırıb.
Noyabrın 9-da Baş nazirin sədrliyi ilə turizm üzrə yeni şuranın iclasında əcnəbi turistlərin sayının artırılması məsələləri müzakirə edilib.
İclasda çıxış edən Baş nazir bildirib ki, hökumət qarşıya Yaponiyada ümumi daxili məhsulu 4 trilyon 900 milyard dollara çatdırmaq vəzifəsini qoyub. Ş.Abe vurğulayıb ki, turizm bu iqtisadi artımın əldə edilməsində aparıcı rol oynamalıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio