Bakı, 4 fevral, AzərTAc
Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yaradılmış Komissiya növbəti iclasını keçirib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətin təşkilini təmin etmək məqsədilə indiyədək Komissiya tərəfindən yeddi qeyri-dövlət yardım mərkəzinin akkreditasiya olunduğunu qeyd edib.
O, bildirib ki, bir sıra təşkilatlar tərəfindən də akkreditasiya üçün müraciətlər olunub. Bu iclasda da məqsəd müraciət etmiş dörd qeyri-dövlət yardım mərkəzinin akkreditə olunması məsələsinə baxılmasıdır. Akkreditasiya üçün müraciət etmiş qeyri-dövlət yardım mərkəzlərinin müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olması vacib şərtlər kimi diqqətdə saxlanır.
İclasda dörd qeyri-dövlət yardım mərkəzinin akkreditasiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlara uyğunluğu qiymətləndirilib. Aparılan müzakirələrdən sonra həmin təşkilatlardan 2-nin müvafiq sahədə təcrübəsizliyi, həmçinin sənədlərindəki çatışmazlıq səbəbindən onların akkreditasiyasından imtina edilib.
Digər iki qeyri-dövlət yardım mərkəzinin isə sosial xidmətlər göstərmək üçün maddi-texniki bazasına baxılması və sənədlərinin bir daha diqqətlə araşdırılması qərara alınıb.
Qeyd edək ki, Komissiyanın tərkibi əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarətdir.