Rusiya və Azərbaycan mədəniyyəti: könüldən könülə yollar görünür...

Rusiya və Azərbaycan mədəniyyəti: könüldən könülə yollar görünür...
19:48 11 Noyabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 11 noyabr, AZƏRTAC
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru, politoloq Nataliya Krasovskaya AZƏRTAC-a müsahibəsində bakılıların Yeseninə sevgisi, Azərbaycan ruhu və rus dilinin bu iki ölkənin gələcəyini necə müəyyən etməsi barədə söhbət açıb.
-Rusiya-Azərbaycan Dostluq Mərkəzi (RADM) təxminən bir il bundan əvvəl yaradılıb. Bu təşkilatın məqsədləri nədən ibarətdir və mövcud olduğu müddətdə həmin məqsədlərə nail olunubmu?
-Məqsədmiz iki ölkənin xalqlarını bir-birinə yaxınlaşdırmaqdır. Biz həm tarixən, həm də mənəvi cəhətdən bir-birimizə çox bağlıyıq, amma bununla belə bir-birimiz haqqında bilməli olduğumuz yaxşı cəhətlərin heç də hamısını bilmirik. Bizim Mərkəz mədəni və təhsil xarakterli tədbirlər keçirilməsinə kömək edir. Bu tədbirlərin məqsədi Rusiya və Azərbaycan vətəndaşları arasında etimada əsaslanan münasibətlər yaratmaq, nə qədər ortaq cəhətlərimiz olduğunu göstərməkdir. Qələbə Günü həm Rusiyada, həm də Azərbaycanda eyni dərəcədə təntənəli şəkildə qeyd edilir. Bizdə Ramazan bayramının qeyd edilməsi geniş yayılıb, azərbaycanlılar respublikada pasxa bayramında məmnuniyyətlə iştirak edirlər. RADM rusiyalıları azərbaycanlıların maraqlı ənənələri ilə tanış edir. Məsələn, biz Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Gül Bayramı təşkil etmişik. Biz Azərbaycan mədəniyyəti və onun ənənələri barədə məlumatı daha əlyetərli etmişik. Hazırda kütləvi informasiya vasitələrində bizim ən yaxın qonşumuzun həyatı barədə, iki ölkənin ümumi cəhətləri barədə məlumatlar xeyli çoxalıb. Buna görə də güman edirəm ki, biz öz məqsədimizin müəyyən qisminə nail olmuşuq, lakin təkmilləşmənin hüdudu yoxdur.
-Azərbaycanda və ya Rusiyanın ictimai təşkilatları arasında sizin tərəfdaşlarınız varmı?
-Əlbəttə! Biz işimizin lap əvvəlində Rusiya cəmiyyətində Azərbaycan mədəniyyətini translyasiya edən təşkilatlarla tanış olmağa başladıq. Buna misal kimi Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin adını çəkə bilərəm. Bu mərkəzin keçirdiyi tədbirlər həmişə təsirli olur. Bu yaxınlarda onlar müasir rus yazıçı və şairlərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi kimi böyük bir mədəni hadisənin təqdimatını keçirdilər. Bu, xalqlarımızın bir-birinin mədəniyyətini mənimsəməsinə, bir-biri ilə tanış olmasına çox sanballı təsir edəcək. Güman edirəm ki, həmin mərkəzlə bizim əməkdaşlığımız davam edəcək. Əlbəttə, biz Azərbaycanda da çox iş görürük. Demək istəyirəm ki, Azərbaycan çox müasir və çox xeyirxah, gözəl ölkədir. Mən bir neçə dəfə Bakıda, o cümlədən birinci Avropa Oyunlarında olmuşam. Bu, həqiqətən möhtəşəm tədbir idi. Açılış və bağlanış mərasimləri Azərbaycan mədəniyyətinin cövhəri idi. Bütövlükdə həmin mərasimlər çox güclü təsir bağışladı.
-Sizin fikrinizcə, bir xalq mədəniyyət vasitəsilə özü haqqında başqa xalqa necə məlumat verə bilər?
-Ən başlıcası – elə məkanlar yaradılmalıdır ki, orada biz öz mədəniyyətlərimizin uğurlarını bir-birimizə nümayiş etdirə bilək. Yaxın vaxtlarda biz “Etnomir”də Qafqaz Günlərində iştirak etdik və mən özüm rusiyalıların Azərbaycan mədəniyyətini nə dərəcədə səmimi və böyük maraqla qarşılamalarının şahidi oldum. Rəqs – beynəlxalq dildir. Azərbaycan rəqqasları çıxış edəndə zaldakı insanlar sanki donub qalır. Xalq musiqisi səslənəndə yenə zaldakılar donub qalır. Xalq mədəniyyəti – istər Rusiyaya aid olsun, istər Azərbaycana – xalqın qəlbinin dərinliklərindən süzülüb gəlir. Qəlbin dərinliyindən gələn səmimi hisslər isə həmişə cavab reaksiyası doğurur. Buna görə də əsas məsələ mədəniyyəti necə təqdim etmək deyil, mədəniyyət özü danışır, ona əlavə bəzək-düzək lazım deyil. Əsas məsələ bunu harada etməkdir. Mərkəzin fəaliyyətdə olduğu bir il ərzində deyə bilərəm ki, bu cür məkanlar yaradılır, bu istiqamətdə hərəkət var. Məsələn, müxtəlif forumların proqramlarının bir hissəsi hökmən müxtəlif xalqların mədəniyyətinə həsr edilir. “Etnomərkəz” tipli çoxsaylı məkanlar da, festivallar, yarmarkalar da buraya aiddir. Həqiqətən bu sahədə maraq var, özü də səthi, bayağı məqamlara yox, dərin məsələlərə maraq var. Söhbət təkcə xalqın mədəniyyətindən getmir. İstedadlı opera müğənnisi Dinara Əliyeva klassik əsərləri ifa edir, lakin onun ifasında milli ruh hiss olunur. Bu da tamaşaçının qəlbində əks-səda yaradır, ifaçıya heyranlıq və hörmət doğurur. Müslüm Maqomayev misilsiz, əbədi sənətkardır, bu səsi eşidənlər Azərbaycanın ruhunu eşidirlər.
-Bəs, Rusiya mədəniyyəti Azərbaycanda nə dərəcədə yaxşı məlumdur?
-Ölkənizdə rus dili və rus ədəbiyyatını Azərbaycanın çoxşaxəli mədəni irsinin bir elementi hesab edirlər. Bircə misal göstərim: Bu il böyük rus şairi Sergey Yeseninin anadan olmasının 120 illiyi tamam oldu. Bu hadisə Azərbaycan üçün də Rusiya üçün olduğu kimi böyük bayram oldu. Artıq bir neçə ildən bəri keçirilən respublika rus dili olimpiadası Rusiyada ədəbiyyat ilinə və Yeseninin yubileyinə həsr edilmişdi. Bundan əlavə, bizim aramızda dil baryeri yoxdur, biz asanlıqla razılığa gələ bilirik. Bunun sayəsində Rusiya ilə Azərbaycan arasında mədəni mübadilə səviyyəsi ilbəil, özü də bütün sahələrdə artır. Bu, bizim gələcəyimizi müəyyən edir.
-Bu məsələ ilə “xalq diplomatiyası” deyilən anlayış arasında nə əlaqə var?
-Bunlar birbaşa bağlı məsələlərdir. Xalq diplomatiyası məhz bu cür müştərək tədbirlərdə xüsusilə parlaq şəkildə təzahür edir, xalqlar öz qonşularının mədəniyyətində olan yaxşı cəhətləri görürlər. Birinci Avropa Oyunlarında könüllülər kimi çıxış etmiş rusiyalı tələbələr Azərbaycan haqqında indi də böyük ruh yüksəkliyi ilə danışır, bununla da öz yaşıdlarının nəzərində Azərbaycanın müsbət obrazını formalaşdırırlar. Qonşuların mədəniyyəti və məişəti ilə şəxsən tanış olan insanlara, bir-birinin qonaqpərvərliyindən istifadə etmiş insanlara kənardan neqativ fikri qəbul etdirmək çətin məsələdir.
Fəridə Abdullayeva
AZƏRTAC—ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_ve_Azerbaycan_medeniyyeti_konulden_konule_yollar_gorunur-901166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR