Böyükşor gölünün bərpası layihəsinin ikinci mərhələsində 400 hektardan artıq ərazi təmizlənəcək

Böyükşor gölünün bərpası layihəsinin ikinci mərhələsində 400 hektardan artıq ərazi təmizlənəcək
15:28 12 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, Laçın Sultanova, AZƏRTAC
Bu ilin sonunda Böyükşor gölünün kompleks bərpası layihəsinin ikinci mərhələsinə start veriləcək. 2015-2020-ci illəri əhatə edən bu mərhələ layihələndirmə işləri ilə başlanacaq, və bununla yanaşı, sənədlərin dövlət qurumları ilə razılaşdırılması və növbəti 2 il müddətinə podrat işlərinə texniki nəzarət xidmətlərinin həyata keçirilməsi təmin ediləcək.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ikinci mərhələdə 400 hektardan artıq ərazinin təmizlənməsi nəzərdə tutulur. Bu hissədə 4 milyon kubmetrə yaxın çirklənmiş dib çöküntülərinin təmizlənməsi və yerləşdirilməsi planlaşdırılır. Layihələndirmə sənədləri əsasında mülki tikinti və abadlıq işləri aparılacaq.
İkinci mərhələdə göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Gölün su səthinin sahəsinin ikinci mərhələdən sonra 700-800 hektar olması planlaşdırılır. Layihə çərçivəsində bərpa olunan torpaqlar torpaq fonduna qaytarılacaq. Beləliklə, bu ərazidə turizm kompleksləri, yaşayış binaları inşa olunacaq, park salınacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi vaxtilə üfunətdən, çirkabdan yanında dayanmağın belə mümkün olmadığı gölə indi köçəri quşlar qonur, ərazi artıq Bakının gözəl istirahət guşələrindən birinə çevrilməkdədir: “Biz istəyirik ki, Bakıda ekoloji vəziyyət yaxşılaşsın, insanlar daha da rahat yaşasınlar, çoxlu ictimai yerlər yaradılsın, ekoloji problem yaradan yaranı sağalda bilək".
Xatırladaq ki, bu layihə Prezident İlham Əliyevin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.
Layihənin birinci hissəsi 2014-cü ilin əvvəlində başlanıb və 2015-ci ilin may ayında yekunlaşıb. Bu mərhələdə görülmüş işlər nəticəsində gölün ekoloji göstəricilərinin dinamikası müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, gölün dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi 121 min mq/kiloqramdan 86 mq/kiloqrama enib ki, bu da gölün dibinin artıq ekoloji normalar çərçivəsində olması deməkdir.
Gölün birinci mərhələsi üzrə tikinti işləri başa çatdırılıb. Layihə ərazisinin şərq və cənub sahilində bulvar və park salınıb. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib. Həmçinin, gölün şərq sahilində çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı metal lövhələrlə tamamilə alınıb və drenaj sistemi qurulub.
Birinci mərhələnin icrası və layihə ərazisinin təcrid edilməsi məqsədi ilə 1570 metr uzunluğunda bənd çəkilərək Böyükşor gölü iki hissəyə ayrılıb. Gölün digər tərəfinin təmizlənməsi işləri layihənin növbəti mərhələsində həyata keçiriləcək. Bu bənd gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək 8 zolaqlı magistral yolun özülü olacaq. Ümumilikdə, Böyükşor gölünün 300 hektara yaxın hissəsində icra olunan birinci mərhələ üzrə işlər uğurla həyata keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuksor_golunun_berpasi_layihesinin_ikinci_merhelesinde_400_hektardan_artiq_erazi_temizlenecek-901376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR