Parisdə “Şalom Baku” filminin təqdimatı keçirilib

08:28 13 Noyabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Paris, 13 noyabr, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və Azərbaycanın Dostları Assosisaiyasının təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində rejissor Müryel Levinin “Şalom, Baku“ sənədli filminin təqdimat mərasimi keçirilib.
Sənədli film Bakıda, eləcə də Quba və Oğuz rayonlarında yaşayan yəhudi icmasının gündəlik həyatını əks etdirir.
Təqdimat mərasimində qonaqları salamlayan səfir Elçin Əmirbəyov qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Qərb və Şərq arasında körpü rolu oynadığını bildirib. Ölkəmizin belə bir geosiyasi məkanda yerləşməsinin onun zəngin mədəniyyətinin formalaşmasına və inkişafına təsirindən, eləcə də müxtəlif xalqların, etnik qrupların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından danışıb.
O qeyd edib ki, məscidləri, sinaqoqları və kilsələri yan-yana bir yerdə görmək, onlar arasındakı sülhün, xoş münasibətlərin olması sevindirici haldır. Etnik və dini əsasda olan bütün ayrı-seçkiliyə yox deyən Azərbaycanda ksenofobiya və dini zəmində münaqişələr, antisemitizm əlamətləri heç vaxt müşahidə olunmayıb. Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir.
Səfir ölkəmizdə tolerantlığın, qarşılqlı hörmətin ən vacib dəyərlərdən olduğunu vurğulayıb.
Azərbaycandə yaşayan yəhudilər haqqında ətraflı məlumat verən E. Əmirbəyov onların ölkənin inkişafına verdiyi töhfələrdən də danışıb. O, yəhudilərin də digər Azərbaycan vətəndaşları kimi eyni hüquqa və azadlıqlara malik olduğunu və onların hüquqlarının Azərbaycan Respublikası Konstitusiyası ilə qorunduğunu diqqətə çatdırıb. Səfir ölkəmizdə etnik qrupların dillərinə, adət -ənənələrinə hörmətlə yanaşıldığıni və bunun üçün bütün şərait yaradıldığını bildirib.
Səfir gənc müstəqil Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatının inkişafında yəhudi icmasının da fəal iştirak etdiyini bildirib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş “Xabad –Or-Avner” yəhudi təhsil mərkəzinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev şəxsən iştirak edib.
Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətindən söz açan E.Əmirbəyov yəhudi gənclərin ölkəmizin ərazilərinin bütövlüyü uğrunda göstərdikləri fədakarlıqdan danışıb. O, Albert Aqarunovun Dağlıq Qarabağda Şuşa şəhərinin müdafiəsində canından keçdiyini və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü qeyd edib.
Fransa Yəhudi İnstitutları Təmsilçiləri Şurasının sabiq sədr müavini Jan -Pyer Allali ilk gəlişindən Azərbaycana heyran olduğunu bildirərək, ölkəmizdə hökm sürən tolerantlıq mühitindən danışıb.
Mərasimdə “Şalom, Bakı”nın rejissoru Müryel Levi çıxış edərək filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfirliyinə təşəkkürünü bildirib. O, Azərbaycanda yəhudilər üçün yaradılan şəraitdən danışarkən qeyd edib ki, Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən bu dünyəvi müsəlman ölkəsində 25 minədək dağ və aşkenaz yəhudisi yaşayır. Onlar Azərbaycan dövlətinin qayğısı ilə tam əhatə olunublar.
“Şalom, Baku” filminin nümayişindən sonra tamaşaçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçıları filmdə gördüklərinin canlı şahidi olmaq üçün Azərbaycana səfərə dəvət olunublar.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Parisde_Salom_Baku_filminin_teqdimati_kechirilib-901593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR